Taksi bazarına çəki-düzən veriləcək – Nazir dəyişikliklər ediləcəyini bəyan etdi

 

“Bolt”, “Uber”, “Yango” kimi şirkətlər qanunvericilikdə olan boşluqlardan istifadə edərək neqativ halların yaranmasına bilavasitə yol açır”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “APA-Economics”ə müsahibəsində deyib.

Nazir beynəlxalq taksi xidmətinin Azərbaycanda gələcək perspektivinə aydınlıq gətirib.

Onun sözlərinə görə, Azərbaycanda nəqliyyat sahəsində də xidmətlərin elektronlaşdırılması müsbət qarşılanır: “Bu baxımdan, bu şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması bazarda rəqabətin yaranması, müştərilərə təqdim olunan xidmətlərin elektronlaşdırılması baxımından müsbət qiymətləndirilə bilər. Lakin əfsuslar olsun ki, zaman keçdikcə taksi xidmətləri sahəsində qeyd etdiyimiz problemlər üzə çıxmağa başladı. Hesab edirəm, bu sahədə qlobal aqreqator şirkətlər, o cümlədən “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynadı. Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır.

Belə ki, adıçəkilən şirkətlərdə çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur”.

Nazir bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətində keyfiyyətin yüksəldilməsi və mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə artıq bir müddətdir ki, mühüm islahatların planlamasını aparır: “Nəticədə taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması istiqamətində mühüm hazırlıq işləri görülməkdədir.

Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq”.

R. Nəbiyevin sözlərinə görə, bu dəyişikliklər qəbul edildikdən sonra qlobal şirkətlərin ölkə qanunlarına riayət etməsini təmin etmək üçün müvafiq alətlər formalaşacaq. Nazir qeyd edib ki, Azərbaycan bu şirkətlərin tənzimlənməsini həyata keçirən ilk ölkə deyil. Təxminən 10 il bundan öncəyə qədər sifarişli taksi xidmətləri və ya “raydşeyrinq” xidməti yeni biznes modeli olduğundan heç bir ölkənin qanunverciliyində öz əksini tapmamışdı.

 “Zaman keçdikcə tənzimləyici qurumlar biznesi öyrənməyə və müvafiq tənzimləmə alətlərini qanunvericiliyə daxil etməyə başladılar”, – o əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password