Qondarma qurum rəhbərliyi hansı hallarda amnistiya ala bilər?

 

Prezident İlham Əliyev mayın 28-də Laçın rayonunda sakinlərlə keçirilən görüşdə Qarabağ ermənilərinə səslənərək, onların yeganə yolunun qaldığını bildirib. Ölkə başçısı erməniləri Azərbaycan qanunlarına tabe olmağa, Azərbaycanın loyal normal vətəndaşı olmağa, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmağa, “parlament”i buraxmağa dəvət edib.

“Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər” – deyə, dövlət başçısı vurğulayıb.

Qondarma rejimin rəhbərliyinə hansı hallarda amnistiya verilə biləcəyi haqqında danışan politoloq İlqar Vəlizadə deyib ki, Azərbaycan tərəfi haqlı şəkildə öz mövqeyində dayanır:

“Azərbaycan öz sakini olan, Qarabağda yaşayan erməni mənşəli şəxslərə müraciət edib. Onların cəmiyyətimizə inteqrasiyası, burada təhlükəsiz yaşaması üçün şərtlər irəli sürülüb. Ermənilər ümumi qaydada Azərbaycanın müvafiq orqanlarına, miqrasiya xidmətinə müraciət edərək, Azərbaycan vətəndaşlığını almalıdırlar. Miqrasiya xidməti bütün bu məsələləri araşdıraraq, qərar verməlidir. Əgər şəxsin bu və ya digər şəkildə hansısa cinayətlərdə əli olubsa, onun barəsində ölçü götürülməli, vətəndaşlıq statusu heç bir halda verilməməlidir. Müraciət edən şəxsin cinayət əməli olmayıbsa, Azərbaycan qanunları qarşısında problemi yoxdursa, haqqında müsbət qərar verilə bilər. Yəni, amnistiya elə bir şeydir ki, bunu yalnız Azərbaycan vətəndaşları ala bilərlər. Bu qərarı müvafiq qurumların müraciəti əsasında Prezident verir. Ümumi yanaşma belədir. Azərbaycan vətəndaşı olmayan şəxs amnistiyaya da düşə bilməz”.

Politoloq onu da qeyd edib ki, ermənilərə danışıqlarla bağlı iki dəfə müraciət olunsa da, onlar rəsmi Bakı ilə dialoqdan imtina ediblər:

“Çünki onların başında dayanan Araik Arutyunyan və əlaltıları cinayətkardır. Anlayırlar ki, reinteqrasiya prosesi gedərsə, sıravi vətəndaşlar prosesə uyğunlaşacaqlar. Arutyunyan və əlaltıları isə bu prosesdə iştirak etməyəcəklər, çünki onlar cinayətkardırlar. Onların yeri ya beynəlxalq tribunal, ya da Azərbaycanın müvafiq məhkəmələridir. Bunu dərk etdiklərinə görə dialoqa müxtəlif maneələr yaradırlar. Təəssüf ki, Azərbaycanın mövqeyi ilə bağlı vasitəçilərə məlumat versək də, onlar təkidlə dialoq aparılmasını istəyirlər. Amma bu danışıqlarda separatçı qurumun əli cinayətə bulaşmış nümayəndələri iştirak etməməlidirlər. Qondarma qurum rəhbərləri açıq bildirməlidirlər ki, qondarma statusdan imtina edərək, Azərbaycanın şərtlərini qəbul edirlər. Ermənilər bu tələblərdən nəticə çıxarmalıdırlar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password