Azərbaycan da razılıq verdi: O tarixi addım atıldı – Mərkəz İstanbul oldu

 

Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyası istiqamətində daha bir tarixi addım atılıb. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu Türk İnvestisiya Fondu (TİF) rəsmən qurulub. Ötən gün Azərbaycanın fondun yaradılmasına razılığı ilə mərkəzi İstanbulda yerləşən TİF üzv dövlətlər və TDT rəhbərliyi tərəfindən təsdiqlənib.

Bu barədə Türkiyənin “Haber7” saytı yazır.

Prezident Rəcəb Tayyib Ərdoğan mart ayında TDT-nin toplantısında atılan ən mühüm addımlardan birinin TİF olduğunu bildirmişdi:

“Türk dünyasında inteqrasiyanın mühərrikləri olan iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığımızı nəzərdən keçirdik. Türk İnvestisiya Fondunun təsis müqaviləsinin imzalanması zirvə görüşümüzün real nailiyyətlərindən biridir”.

TİF-in kapitalı birinci mərhələdə 500 milyon dollar olub. Bu fondda 5 ölkə bərabər paya malikdir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birlikdə yaradılan TİF-ə qarşıdakı dövrdə daha 4 ölkə əlavə olunacaq.

“Dünya” qəzetinin əməkdaşı Kərim Ülkər TİF-in önəmi ilə bağlı bunları deyib:

“Fondun məqsədi regional iqtisadi inkişafı təşviq etmək, regional ticarəti genişləndirmək və iqtisadi fəaliyyətə dəstək verməkdir. Türk İnvestisiya Fondu 10 min hissəyə bölünəcək.

Hər bir səhm 50 000 dollar dəyərində olacaq. 5 üzv dövlətin hər biri fonda 100 milyon dollar sərmayə qoyacaq. Müqavilə qüvvəyə mindikdən sonra 90 gün ərzində qurucu ölkələr ilk hissəni ödəyəcəklər. Bu məbləğin ölkə üzrə 5 milyon dollar olduğu bildirilir. Qalanı hər il 3 bərabər hissə ilə ölkələrdən alınacaq. İstanbul mərkəzli Türk İnvestisiya Fondunda sədr, icraçı direktor, idarə heyəti və şura olacaq.

Sədr Rəhbərlər Şurası tərəfindən rotasiya əsasında təyin ediləcək. Transformasiya müddəti 4 il olacaq. Fond yarandığı gündən 20 il fəaliyyət göstərəcək, bu müddət uzadıla bilər. Rəhbərlər Şurası vaxtaşırı resursların adekvatlığını yoxlamaq və fondun genişləndirilməsi ilə bağlı qərar vermək səlahiyyətinə malik olacaq”.

Beynəlxalq maliyyə qurumu statusuna sahib olacaq TİF layihələrin həyata keçirilməsini təşviq edəcək, kiçik-orta müəssisələri, nəqliyyat və logistika zəncirlərini, anbar və istehsal obyektlərini, rəqəmsal infrastrukturun modernləşdirilməsini, qarşılıqlı maraq doğuran sahələrdə inkişaf projelərini, sənaye-istehsal, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, yaşıl iqtisadiyyat və turizm kimi sektorlara investisiya yatıracaq.

TİF-in yaranması ötən ilə təsadüf edir. Fonda daxil olan 5 üzv dövlətin liderləri ötən il noyabrın 11-də TDT-nin Səmərqənddə keçirilən toplantısında TİF-jn yaradılmasını müzakirə ediblər. TİF çoxdan gözlənilən türk dövlətlərinin birliyini daha da gücləndirəcək bir struktur olacaq.

Sayt qeyd edir ki, Orta Asiyada fəallaşan Rusiya və Çinə qarşı türk şirkətlərini gücləndirən bu struktur gələcəkdə ortaq türk bankının yaradılmasına da gətirib çıxara bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password