İmamoğlu iddialı danışdı: Bay Kamal istefa verəcək?
Türkiyədə keçirilən prezident seçkilərindən sonra cəmiyyətdə Millət İttifaqının namizədi və CHP-nin sədri Kamal Kılıçdaroğlunun istefası, Əkrəm İmamoğlunun onun yerinə gəlməsi məsələsi müzakirə edilir.
Bununla bağlı “Hürriyyət” qəzetində tanınmış yazar və jurnalist Əbdülqədir Selvinin “Kılıçdaroğlu istefa edəcəkmi, İmamoğlu namizəddirmi?” adlı yazıda bəhs olunub.
Məqalədə Kılıçdaroğlunun istefa verməyəcəyi qeyd edilib və bunların səbəbləri sadalanıb:
“Seçki gecəsi sədr müavinləri Kılıçdaroğluna öz istefa ərizələrini vermək istəyiblər. Kılıçdaroğlu isə “İstefa üçün hələ tezdir, birlikdə hərəkət edərik” cavabını verib. Kamal Kılıçdaroğlu partiyanın səlahiyyətli orqanlarını toplayacaq, öncə Mərkəzi İdarə Heyətinin iclası keçiriləcək, sonra isə Partiya Məclisini bir yerə yığacaq. CHP rəhbərliyi Kılıçdaroğlunun sədrliyini müzakirə etməmək üçün çalışır. “Kılıçdaroğlu uğursuz deyil, tam əksinədir. 1977-ci il seçkilərində 42% səs alan Əcəvitdən belə çox səs almağı bacardı” tezisini müdafiə edirlər. Əcəvit 42% səsi yalnız CHP olaraq toplayıb. Lakin Kılıçdaroğlunun aldığı səsin içərisində İYİ Partiyasının, HDP (indiki YSP – red) , DEVA, Gələcək və Demokrat Partiyası ilə Ümid Özdağın səsləri var. Ona görə müqayisə etmək olmaz. CHP 48% yox, 25% səs toplaya bildi. Amma bu, Kılıçdaroğlu komandasının meylini əks etdirməsi baxımından maraqlı idi.
Kılıçdaroğlu istefa verməyəcək. Seçki gecəsi çıxışında da “Yürüşümüz davam edir. Ayaq üstündə və buradayıq” deyərək istefaya getməyəcəyinin siqnalını vermişdi. Seçkini uduzan yox, qələbə qazanan bir lider kimi danışdı. Kamal Kılıçdaroğlunun qarşıdakı həftə qurultay qərarını açıqlaması gözlənilir. CHP-də qurultaya hazırlıq və keçirilməsi məsələsi seçkilərə görə dayandırılıb”.
Selvi Əkrəm İmamoğlunun CHP sədri olması məsələsinə də toxunub:
“Seçkilərin üzərindən 24 saat keçməmiş Əkrəm İmamoğlu CHP sədrliyinə iddialı olduğunun ilk siqnalını verdi. İmamoğlu “Kimsə narahat olmasın, hər şey yenidən başlayır. Unutmayın, dəyişməyən tək şey dəyişməkdir” açıqlaması verdiyi zaman CHP kulisləri hərəkətə gəldi. İmamoğlu seçki gecəsi CHP binasında Kılıçdaroğlu ilə görüşüb. Bunun nə demək olduğunu bilmirəm. Amma prezidentliyə namizəd olması Kılıçdaroğlu tərəfindən əngəllənən Əkrəm İmamoğlu CHP sədrliyinə iddia etsə, işlər qarışacaq. İstanbuldakı sərmayə sahibləri İmamoğlunu CHP-yə sədr etmək istəyir. Əkrəm İmamoğlunun qarşısında üç əngəl var: Birincisi, YSK (Ali Seçki Qurumu) üzvlərini təhqir etdiyi üçün məhkəmə tərəfindən 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilib. İş Apelyasiya Məhkəməsindədir; ikincisi, Əkrəm İmamoğlu sədrlik üçün bələdiyyə sədrliyindən istefa versə, Bələdiyyə Məclisində çoxluq AKP-yə keçəcək; üçüncüsü, 9 ay sonra bələdiyyə seçkilərində namizədləri Kılıçdaroğlu müəyyən edəcək. Ona görə də bələdiyyə sədrləri Kılıçdaroğlu ilə ziddiyyətə girməməyə çalışır”.