Bu ilin dövlət büdcəsinə dəyişikliklər edilir

 

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərə dair qanun layihəsi Milli Məclisə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi göndərilib. Maliyyə Nazirliyi Milli Məclisə göndərilən sənədi yayıb.

Sənəddə dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər sadalanır: işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin aparılması, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkildə öz ata-baba yurdlarına qaydışının təmin edilməsi, bu zəmində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının sürətləndirilməsi; Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, ölkə daxilində və xaricində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən Azərbaycan Respublikasına qarşı baş qaldıra biləcək istənilən təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsi; Beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi; Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların bölünməsini gündəmə gətirir.

2023-cü ilin ilk dörd ayında ölkədə 40,0 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 22,7 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,1 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ölkə iqtisadiyyatının əksər sahələrində, o cümlədən kənd təsərrüfatında 3,5 faiz, tikintidə 10,1 faiz və informasiya və rabitə sahəsində 12,1 faiz real artım, sənaye sahəsində isə neft hasilatının azalması ilə əlaqədar 2,6 faiz azalma qeydə alınıb.

2023-cü ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 12,2 milyard ABŞ dollarına çatıb ki, bunun da 8,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 4,0 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşür. Nəticədə xarici ticarət hesabında 4,2 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon ABŞ dollarına bərabər olub.

Bununla yanaşı, 2023-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 ABŞ dolları çoxdur.

Cari ilin ilk dörd ayında qeyri-neft sektorundakı ÜDM-in göstəricilərində qeydə alınan müsbət meyillər, həmçinin neft qiymətinin münbit dinamikası və inflyasiya səviyyəsinin sözügedən dövr ərzində yüksək (13,5 faiz) olması icmal və dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib.

Belə ki, 2023-cü ilin ilk dörd ayında icmal büdcənin gəlirləri 21262,8 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9154,7 milyon manat və ya 75,6 faiz çoxdur. İcmal büdcə xərcləri isə 9957,9 milyon manat olmuşdur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 863,5 milyon manat və ya 9,5 faiz çoxdur. Cari ilin ilk dörd ayında icmal büdcədə faktiki olaraq 11304,9 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.

Cari ilin ilk dörd ayı ərzində dövlət büdcəsinin gəlirləri 11473,6 milyon manat proqnoza qarşı 12165,0 milyon manat və ya 106,0 faiz təşkil etmişdir ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1477,5 milyon manat və ya 13,8 faiz çoxdur. 2023-cü ilin dörd ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6433,0 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1048,5 milyon manat və ya 19,5 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 52,9 faiz təşkil etməklə proqnoz göstəricisinə (46,7 faiz) nisbətən 6,2 faiz-bənd artıb.

2023-cü ilin dörd ayında dövlət büdcəsi xərclərinin 8321,6 milyon manat proqnoza qarşı 8929,7 milyon manat və ya 107,3 faiz icra edilməsinə baxmayaraq, dövlət büdcəsində 3235,3 milyon manat profisit qeydə alınıb.

Dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyalar nəzərə alınmaqla, 2023-cü ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barrelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları). 2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Orta illik inflyasiyanın isə cari ildə 10,4 faiz (əvvəlki proqnoza (6,9 faiz) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.

Zəruri əlavə xərclərin maliyyə təminatının mənbələri kimi makroiqtisadi sabitliyə xələl gətirməyən, orta və uzunmüddətli inkişaf ssenarilərini dəstəkləyən gəlirlər və maliyyələşmə alətləri çıxış edir.

Dövlət büdcəsinin 4338,4 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin və Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin artırılması, təsdiq olunmuş bəzi xərclərin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına aşağıda göstərildiyi kimi qarşılanması nəzərdə tutulur:

  • əlavə qeyri-neft gəlirləri hesabına – 1562,8 milyon manat;
  • əlavə neft gəlirləri hesabına – 1442,7 milyon manat o, cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 457,7 milyon manat transfert;
  • dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi dövlət borclanması və özəlləşdirilmədən daxilolmalar hesabına – 210,0 milyon manat artırılması;
  • dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və xərcləri arasında yerdəyişmə – 1122,9 milyon manat.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 1442,7 milyon manat və ya 8,9 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 2410,1 milyon manat (15,7 faiz), qeyri-neft sektoru üzrə isə 1562,8 milyon manat və ya 10,8 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 689,8 milyon manat (4,5 faiz) artırılır.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 0,5 faiz-bənd artaraq 47,5 faiz təşkil edəcək.

Dövlət büdcəsi gəlirlərinin 14932,0 milyon manatı və ya 44,2 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5728,0 milyon manatı və ya 17,0 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11737,7 milyon manatı və ya 34,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 801,0 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı və ya 1,7 faizi sair gəlirlərin payına düşür.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 14932,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1530,0 milyon manat və ya 11,4 faiz çoxdur.
Müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 6002,0 milyon manatı və ya 40,2 faizi neft sektorunun, 8930,0 milyon manatı və ya 59,8 faizi isə qeyri-neft sektorunun payına düşəcəkdir.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 8930,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 545,0 milyon manat və ya 6,5 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 793,7 milyon manat və ya 9,8 faiz çoxdur.

Yenidən baxılmış 2023-cü il üzrə büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar ilkin proqnoza nisbətən 74,5 milyon manat və ya 10,3 faiz artırılaraq 801,0 milyon manat, dövlət büdcəsinin digər daxilolmaları 18,6 milyon manat və ya 3,3 faiz artırılaraq 580,8 milyon manat (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə yenidən baxılmış daxilolmalar 5,0 milyon manat artırılaraq 25,0 milyon manat müəyyən edilmişdir) səviyyəsində proqnozlaşdırılır.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,5 milyon manat və ya 9,6 faiz, 2022-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4504,2 milyon manat və ya 14,0 faiz çoxdur.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi həcmində və ya 22039,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 681,7 milyon manat və ya 3,0 faiz az), əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi həcmində və ya 13347,0 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3719,7 milyon manat və ya 38,6 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcək.

Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 7,7 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,2 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 7,9 faiz-bənd azalacaq.

Bütovlükdə əlavə tələb olunan zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:

  • Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2260,0 milyon manat. Artımdan sonra bu xərc 5260,0 milyon manat məbləğində olacaq;
  • ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1000,0 milyon manat. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2070,0 milyon manat təşkil edəcək.

Digər zəruri xərclər 973,4 milyon manat, o cümlədən:

  • iqtisadi dəstək və digər iqtisadi fəaliyyət (Azərbaycan-Özbəkistan İnvestisiya və Azərbaycan-Qırğız İnkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı və digər tədbirlər üzrə) 347,5 milyon manat;
  • dövlət borcuna xidmətlə bağlı xərclər 177,5 milyon manat;
  • dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri 128,0 milyon manat;
  • beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər (xaricdəki diplomatik və digər nümayəndəliklərdə əməyin ödənişi sistemində aparılan islahatla bağlı xərclər, beynəlxalq yardım və s.) 139,6 milyon manat;
  • dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması 79,0 milyon manat;
  • bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi və digər zəruri dövlət xərclərin maliyyə təminatı 101,8 milyon manat.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin yerli gəlir və xərcləri 7,7 milyon manat və ya 1,0 faiz artırılaraq müvafiq olaraq 764,7 milyon manat və 777,0 milyon manat məbləğində, yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımı isə (12,3 milyon manat) təsdiq olunmuş səviyyədə nəzərdə tutulur.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait və özəlləşmədən əlavə daxilolmalar hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30,0 faiz çoxdur.

İcmal büdcənin xərcləri 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 6140,3 milyon manat və ya 17,5 faiz çoxdur.
İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirləri hesabına 1735,3 milyon manat profisit yaranacaqdır.

İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 7346,6 milyon manat və ya 81,7 faiz artırılaraq 16337,5 milyon manat məbləğində nəzərdə tutulur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11812,9 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 457,7 milyon manat və ya 4,0 faiz çoxdur.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4,0 milyon manat (0,1 faiz) artırılmaqla 6268,0 milyon manat təşkil edəcəkdir.
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5,0 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur. Yuxarıdakı səbəblərə görə Muxtar Respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və ya 6,2 faiz azaldılmışdır. Bunlar nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və ya 1,6 faiz manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcəkdir.

Yenilənmiş icmal büdcənin və dövlət borcunun müvafiq parametrləri büdcə qaydası üzrə 2023-cü ilin sonuna müəyyən edilmiş yuxarı hədlərini gözləyir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password