Ermənistanın Zəngilan təxribatının apardığı istiqamət
Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı danışıqlara vasitəçilik etdi.
Diqqəti itiləşdirə biləcək vacib nöqtə Əliyevlə Paşinyanın Avrasiya İqtisadi İttifaqının Ali Şurasındakı iclasdakı “söz davası”ndan sonra bir araya gəlmələri oldu.
Putin İlham Əliyevi Aİİ-nin sammitinə qonaq qismində dəvət etmişdi, lakin bu, Azərbaycanın Rusiyanın kölgəsi altında fəaliyyət göstərəcək İttifaqa üzv olacağı mənasını vermir, rəsmi Bakının gündəliyində belə bir quruma qoşulmaq barədə prioritet yoxdur. Hərçənd, Putin “Azərbaycan da bizim tərəfimizdədir” subliminal ismarışlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq istəyə bilər.
Əliyevlə Paşinyan Aİİ iclasında “söz savaşı”na çıxdılar, Ermənistanın baş nazirinin ritorikası gülüş və təəccüb doğururdu, onun Laçın yolu ilə gələcək Zəngəzur dəhlizini eyniləşdirmək cəhdi isə mənasız idi.
Birincisi, artıq Laçın yolunda dəhliz məntiqi itib, ikincisi, Zəngəzur koridoru proyekti daha genişmiqyaslı ölçülərə və böyük geosiyasi, geoiqtisadi əhəmiyyətə malikdir, Rusiya ilə yanaşı, digər beynəlxalq oyunçuların da diqqət mərkəzində dayanır.
Paşinyan isə Putinə müraciətlə guya Rusiyanın Zəngəzur dəhlizinə dəstək olmasını birinci dəfə eşitdiyini göstərdi, amma adı üstündə – bu, baş nazirin erməni ictimaiyyətinə verdiyi fon idi.
Putin Aİİ sammitindən sonra Azərbaycan, Rusiya, Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşünü təşkil etməklə:
– Moskvanın həm Aİİ-nin lideri kimi, həm də təkbaşına effektiv beynəlxalq vasitəçi kimi göstərməyə cəhd etdi;
– Zirvə görüşünün yekununda dəhliz terminini mübahisələndirməyə açıq olduğunu qeyd etməklə gələcək görüşlər üçün tənzimləyicilik funksiyasını qorumağa çalışdı.
Bu, Putinin “dəhlizin açılmasına xeyir-duanı Rusiya verəcək, rıçaqlar mənim əlimdədir” mesajının əyanı kimi qəbul edilə, eyni zamanda, Azərbaycan-Ermənistan liderlərinin Kişineuda keçiriləcək görüşündə razılıqların Zəngəzur dəhlizi ilə bağlı hissələrini bloklamaq məqsədi daşıya bilər.
Zirvə görüşündən bir gün sonra Azərbaycan-Ermənistan sərhədinin Zəngilan ərazisindən keçən hissəsində insident qeydə alınması təsadüfi hadisə sayıla bilməz.
Çünki bu, Ermənistanın xırda, başıpozuqluqdan doğan təxribatı deyildi, təxribat-diversiya qrupunun sərhədi pozmaq cəhdi göstərir ki:
– Ermənistan düşünülmüş plan üzrə Kişineu görüşü öncəsi uğurlu lokal qələbə elan etməyə hazırlaşıb;
– Moskvadakı görüşdən sonra müxalifətin hədəf taxtasına əyləşdirilən Paşinyan daxili siyasi mövqelərini gücləndirmək üçün “hərbi tətbiqi” gerçəkləşdirib;
– Diversiyanın məqsədi daha dərinliklərə sızıb müxtəlif təxribatlar törətməkdir, Ermənistan belə bir şeyə nail olacağı təqdirdə, Kişineuda sülh danışıqlarının axarını dəyişmək barədə düşünüb.
Ancaq Ermənistan ordusunun budəfəki təxribat arzusu da qursağında qaldı, Azərbaycan sərhədçiləri iki erməni hərbçini saxlamağa nail oldular, beləliklə İrəvan geosiyasi oriyentasiyasında heç bir dəyişikliyə imza ata bilmədi.
Paşinyan, onsuz da, başa düşür ki, onun danışıqlarda əli bərkiyən deyil, əksinə, getdikcə daha böyük uğursuzluq zolağına düşəcək və Ermənistan genişmiqyaslı itkilərlə üzləşməkdə davam edəcək.
Paşinyanın etdiklərinin və niyyətinin arxa fonu burada maraq doğurur, o, Azərbaycanla mübarizə görüntüsü yaratmağa məcburmuş kimi görünür, təbii ki, ənənəvi erməni bicliyinin müşayiəti ilə.
Düzdür, danışıqlar perspektiv münaqişə potensialının yumşaldılması imperativlərini canlandırır, lakin Bakı ilə İrəvan arasındakı sülh sazişinin bütün bəndlər üzrə razılaşdırılması vaxt aparacaq. Çünki real və açıq qalan məsələlərin hərtərəfli həlli düsturları tam tapılmayıb, üstəgəl ortada nəhəng güclərin geosiyasi tənliklərini bir paketdə nizamlamaq çətindir.
Əlavə olaraq, Azərbaycan-Ermənistan arasındakı vəziyyət hərbi ritorikanın müşayiətilə davam edərsə, onda Ermənistanın təhlükəsizliyinin təmin edilməsi çətin olacaq.
Yaxın zamanlarda, uzağı, ərazi bütövlüklərinin tanınması ilə bağlı saziş imzalana bilər, bu, sülhün təminində vacib element olsa da, sonrakı problemlərin tənzimlənməsində müşküllər ortaya çıxacaq.
Azərbaycan sərhədçilərinin saxladığı iki erməni diversanta gəlincə, onlar Ermənistanda həbs olunan iki azərbaycanlı hərbçinin geri qaytarılması üçün danışıqların predmetində istifadə oluna bilər.