Su kimi israf edilən subsidiyalar – Hesablama Palatası ortaya faktlar qoydu
Ötən ilin dövlət büdcəsindən 1 milyard 402 milyon manat subsidiya ayrılıb. Bu vəsaitlər toplamda 95 istiqaməti əhatə edib. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 4.4 faizi məhz subsidiyalardır.
Bu barədə Hesabalama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair rəyində bildirilir. 2021-ci illə müqayisədə büdcədən ayrılan subsidiyaların həcmi 1.2 faiz çox olub. Sırf dövlət müəssisələrinə ayrılan subsidiyanın məbləği isə daha çox – 25 faiz artıb. Beləcə, büdcədən ayrılan subsidiyalar içərisində dövlət müəssisələrinin payı 9.5 faiz bəndi artaraq 49.8 faizə yüksəlib. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Əvəzində qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə ayrılan subsidiyalar, uyğun olaraq, 27 faiz və 13 faiz aşağı düşüb.
Rəydə bildirilir ki, araşdırmalar, əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də dövlət büdcəsindən subsidiya adı altında ayrılan vəsaitin bu anlayışın fəlsəfəsinə tam uyğun olmadığını göstərir. Bəzi hallarda ehtiyac olmadığı hallarda da subsidiya ayrıldığı qeydə alınıb.
Məsələn, ötən il nizamnamə kapitalının artırılması məqsədilə İpoteka və Kredit Zəmanəti Fonduna 5 milyon manat, “Azərkosmos” ASC-yə 23 milyon manat, Aqrar Sığorta Fonduna 5.4 milyon manat ayrılıb. Daha 4.3 milyon manat “Suez Group” şirkəti qarşısında yaranmış maliyyə öhdəliyinin yerinə yetirilməsi üçün “Azərsu” ASC-yə verilib.
Ancaq bu vəsaitlər mahiyyəti baxımından subsidiya anlayışını ehtiva etmir. Dövlət Maliyyə Statistikası Təlimatına görə, nizamnamə kapitalının artırılmasına və borcların bağlanılmasına yönəldilən vəsait subsidiya sayıla bilməz. Beləcə, bəlli olur ki, ötən il subsidiya kimi ayrılan, ən azı, 38 milyon manat subsidiya kimi istifadə edilməyib.
Hesablama Palatasının araşdırması subsidiyalarla bağlı digər pozuntuları da aşkarlayıb. Bəlli olub ki, bəzi qurumlar ehtiyac olmadan büdcədən subsidiya alıb. Məsələn, “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən ayrılan subsidiya məbləğləri real tələbatdan çox verilib və subsidiya hesabına investisiya (əsaslı təmir, tikinti və s.) xərcləri qarşılanıb. Belə vəziyyət dövlət büdcəsinin tərtib və icrasına dair mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir.
Təhlillər göstərir ki, bəzi hallarda yönəldilmiş subsidiya məbləğləri istifadəsiz qalır. Məsələn, dövlət büdcəsinin icrası barədə bilgilərdə “Azərbaycan Hava Yolları” QSC-yə fəaliyyətinin təmin edilməsi üçün 89.5 milyon manat ayrıldığı və tam məbləğdə xərcləndiyi göstərilib. Qurumdan təqdim edilmiş məlumatlara görə isə, hesabat ilində əslində 63.1 milyon manat xərclənib. Ötən ilin sonuna 26.4 milyon manat AZAL-ın bank hesabında qalıb. Hesablama Palatasının araşdırmaları göstərir ki, bir çox dövlət müəssisəsində büdcədən ayrılan subsidiyalar qənaətlə və üstəlik, təyinatı üzrə xərclənmir, əsasən, investisiya tipli xərclərə yönəldilir. Bu da, təbii ki, büdcə vəsaitlərinin səmərəliliyi və şəffaflığı ilə bağlı çoxlu sual doğurur.
Palata subsidiyalarla bağlı problemləri aradan qaldırmaq üçün hökumətə tövsiyə versə də, hökumət bu tövsiyəni icra etməyib. Qeyd edilən tövsiyə dövlət müəssisələrinə ayrılan subsidiyaların nəticəli və effektiv istifadəsinin təmin edilməsi məqsədilə subsidiyaların verilmə şərtlərini, tələb olunan sənədlər, subsidiya məbləğinin hesablanma üsullarını və s. məsələləri tənzimləyir və konkret mexanizm formalaşdırmaq hədəfini güdür./azpolitika.info