`Dəhliz` olmasın… MANEƏSİZ KEÇİD olsun… – Təki Paşinyan məmnun olsun…
Moskvada keçirilən üçtərəfli görüşdə müzakirə mövzusu gözlənildiyi kimi, “Ermənistan ərazisi” oldu: Zəngəzur dəhlizinin hansı prinsiplərlə açılması – dəhliz, yoxsa yol məntiqi;
Görüşdə sülh sazişi ilə bağlı hansısa sənədlərin imzalanacağı gözlənilsə də, əsas gündəm regionda kommunikasiyanın açılması üzərində quruldu və cəmi 20 dəqiqə çəkən üçtərəfli görüşün yekun razılaşması “kommunikasiyanın açılması üzrə üçtərəfli işçi qrupu”nun gələn həftə görüşməsi oldu. Rusiyanın bu gedişinin birdən çox səbəbi görünür:
– Tərəflərin sülh sazişi üzrə fikir ayrılığını Moskva da həll edə bilməyib və öz masasında müəyyən irəliləyiş üçün əsas diqqəti kommunikasiyanın açılmasına yönəldir;
– Tərəflərin Qarabağ və sərhəd müzakirəsini arxa plana keçirmək rusların marağındadır, çünki Qərb masasında müzakirə edilən bu məsələlərin praktiki formada həlli Moskvanın Qarabağda, ümumilikdə bölgədəki rıçaqlarını zəiflədir;
– Rusiya yekun razılaşma olmadan kommunikasiyanın açılmasına çalışır: birincisi, bununla regional əməkdaşlığı gücləndirəcəyini və Qərbin bölgəyə müdaxiləsini zəiflədəcəyini hesab edir; ikincisi, Moskva Ermənistanla quru yol bağlantılarını maksimum tez şaxələndirmək niyyətindədir;
Hərçənd, Azərbaycandan Naxçıvana “maneəsiz keçid” razılaşmasının “dəhliz”, yoxsa, “yol” məntiqi ilə açılması mübahisəsi ümumilikdə kommunikasiyanın bərpasında əsas maneə olaraq qalır. Bakının Laçına post qurması İrəvanın Zəngəzurdan keçəcək yolun eyni rejimlə işləməsi arqumentini gücləndirən amildir, lakin Moskva danışıqlarında diqqətçəkən məqamlar Ermənistanın önünə bu istəyinin əksinə olan anlaşma qoyulduğu ehtimalını ön plana çıxarır: Nikolun aqressiyası da bu fikri gücləndirir;
Burada iki məqam da həlledici ola bilər:
Birincisi, Laçın və Zəngəzurun eyni rejimlə işləməsi, yəni sərhəd-keçid məntəqəsinin olması rusların hər iki yol nəzarət planına qarşıdır: Putin Paşinyanla görüşdə Laçın postuna qarşı olduğunu dilə gətirsə də, postun qurulması və sonrasındakı proseslər Rusiyanın bu reallığı qəbul etməyə məcbur olduğunu göstərir;
İkincisi, Laçına post qoyan Bakı qüvvələr balansından – Rusiya, Azərbaycan və Türkiyə – istifadə edərək, “dəhliz məntiqi”ndə israr edir;
Və istisna deyil ki, Zəngəzur dəhlizi ilə bağlı Paşinyanın qarşı çıxdığı məsələ “dəhliz” ifadəsindən imtina edilməklə “maneəsiz keçid”in verilməsində ortaq nöqtənin tapılmasıdır. Əslində Əliyevin “dəhliz” terminologiyasında israr etməsi masada “maneəsiz keçid” əldə etmək üçün “terminologiyada” güzəştə getmək gedişinə də bənzəyir. Əsas məqamlardan biri də Putinin üçtərəfli görüşün açıq hissəsində “problemin terminologiyada” olduğunu deməsi idi.
Mümkündür ki, İşçi Qrupunun hazırladığı və hələ müzakirə mərhələsində olan sənəddə bunlar yer alıb: “dəhliz terminologiyası”ndan imtina edilir; “maneəsiz keçid” üzərində Ermənistanın istəklərini tam əhatə etməsə də, üç tərəfin uzlaşa biləcəyi məqamlar təqdim edilir;
Tərəflərin görüşü ilə eyni gündə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Mehmet Samsarla üçtərəfli razılaşmaları müzakirə etməsi də diqqət çəkir: bu, Moskvanın Ankaranı danışıqlarla bağlı məlumatlandırması, həm də Zəngəzur dəhlizinin açılmasında Türkiyənin də istəyinin nəzərə alındığı, Naxçıvana “maneəsiz keçid”in yaradılmasında Bakı və Ankaranın maraqlarının ön planda olduğu deməkdir.
Asif Nərimanlı