İrəvanın KTMT küskünlüyü: “Yaxşı, əzizim, kömək edəcəyik”

 

Paşinyan təşkilatdan çıxış anonsu verdi və: nə Rusiya, nə də KTMT-nin digər üzvləri Ermənistanın müdafiəsinə qalxmağa həvəslidirlər

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyinin anonsunu verib. Baş nazir bildirib ki, Ermənistan KTMT-ni səriştəsiz təşkilat hesab edərsə, qurumu tərk edəcək: “Əgər Ermənistan de-yure KTMT-dən çıxmaq qərarına gəlsə, bu, İrəvanın KTMT-nin Ermənistanı tərk etdiyini qeyd etdikdən sonra baş verəcək”.

Baş nazir vurğulayıb ki, İrəvanın belə bir qərarı təşkilatın fəaliyyətsiz olacağı təqdirdə mümkündür: “O zaman biz öz təhlükəsizlik məsələlərimizi həll etməli olacağıq”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Novaya qazeta”ya müsahibəsində bildirmişdi ki, rəsmi İrəvan KTMT-dən çıxmaq məsələsini müzakirə edib. O, bəyan edib ki, respublika hakimiyyəti 2022-ci ilin sentyabrında “Azərbaycanın Ermənistan ərazisinə birbaşa təcavüzü” zamanı KTMT-dən yardım gözləyib: “Obyektiv olaraq biz Rusiyadan götürdüyü öhdəliyi, yardımı almırıq”.

Onun sözlərinə görə, İrəvan ümid edirmiş ki, təşkilata üzvlük telefonla zəng edib: “Mənim problemim var” demək və “Yaxşı, əzizim, kömək edəcəyik” cavabını eşitmək imkanı verəcək. Təhlükəsizlik Şurasının katibi hesab edir ki, təşkilatın mexanizmi işləmir, müqavilə öhdəliklərinə əməl olunmur.

Bundan sonra isə KTMT Ermənistana yardım göstərməyə hazır olduğunu bəyan etmişdi. KTMT-nin baş katibi İmanquli Tasmaqambetov təşkilatın Parlament Assambleyası Şurasının Minskdə keçirilən iclasında demişdi ki, KTMT İrəvana monitorinq missiyası göndərməklə və hərbi-texniki yardım göstərməklə, xüsusən də sərhədçilərin təlimi və müasir texnika ilə təchiz edilməsi yolu ilə kömək etməyə hazır olduğunu hər zaman bildirib.

Erməni ictimaiyyəti isə İrəvanın KTMT ilə bağlı yanaşmasını dəstəkləyir. Cəmiyyət hesab edir ki, Ermənistana yardım etməyən KTMT-də qalmaq mənasızdır.

Erməni analitik Samvel Ovanesyan qeyd edib ki, Ermənistanın taleyi ipdən asılıdır: “Dünyada və regionda çətin vəziyyət yaranıb və düzünü desəm, bir çox analitiklər Üçüncü Dünya müharibəsindən danışırlar. Müharibənin hətta yaxınlaşması haqqında yox, tam sürətlə getdiyini deyirlər. Bu narahatlıq təbii ki, KTMT kimi beynəlxalq təşkilatdan yan keçə bilməz. Təşkilatın baş katibi Tasmaqambetov açıq şəkildə və həvəslə demişdi ki, KTMT-nin parçalanmamaq üçün kifayət qədər gücü var. Onun sözlərinə görə, KTMT ölkələrinin birləşməsi məsələsi əslində çox ciddidir. Baş katib dedi ki, dünyada geosiyasi vəziyyət gərgindir və təbii ki, KTMT-nin məsuliyyət zonasında çoxlu böhranlı məqamlar var. Amma bunu reallıqda dərk etmədikləri də ortadadır”.

“Məncə, əslində qazaxıstanlı siyasətçi rəhbərlik etdiyi təşkilatda dərin böhranın olduğunu dedi. De-fakto etiraf etdi ki, o, həddindən artıq genişlənmiş, KTMT hipertrofiyaya uğramış özünü qoruma instinktindən əziyyət çəkir. Məlumdur ki, nə Rusiya, nə də KTMT-nin digər üzvləri bu təşkilatın mərkəzi üzvü kimi Ermənistanın müdafiəsinə qalxmağa həvəslidirlər. Rusiyalı ekspertlər açıq şəkildə deyirlər ki, Moskvaya “ikinci cəbhə” lazım deyil. Düzdü, mən hesab etmirəm ki, Qazaxıstan və Qırğızıstan etnik cəhətdən azərbaycanlılara yaxın olan öz əsgərlərini ikincilərə qarşı döyüşməyə həvəslə göndərsinlər. Bundansa, dəyərsiz KTMT-ni tərk edəcəklər, bu, realdır. Ona görə də Ermənistanın KTMT-də qalması mənasızdır”, – analitik fikrini tamamlayıb./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password