Paşinyan niyə 1975-ci il xəritəsini GÜNDƏMƏ GƏTİRDİ? – Ekspert açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasının Sovet İttifaqı Baş Qərargahının 1975-ci il xəritəsi əsasında aparılmasını istədiklərini söyləyib.
Paşinyanın sözlərinə görə, Rusiya tərəfi də əvvəllər dəfələrlə həmin xəritələrdən danışıb:
“Ermənistanın mövqeyi əvvəlki kimi qalır-Ermənistan delimitasiyanın Sovet İttifaqı Baş Qərargahının 1975-ci il xəritəsi üzrə aparılmasını istəyir. İrəvan delimitasiya nəticələrinə görə qoşunların paralel şəkildə yerləşdirilməsini istəyir. Bu, təhlükəsizliyi təmin edəcək”.
Qeyd edək ki, Azərbaycan isə bu məsələdə keçən əsrin əvvəlindəki xəritələrin əsas götürülməsi mövqeyindən çıxış edir.
Görəsən, Paşinyan 1975-ci il xəritələrini niyə gündəmə gətirib? Həmin xəritə 1991-ci il xəritəsindən nə ilə fərqlənir?
Bunları açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, İrəvan 1975-ci il xəritəsini önə çəkməklə Azərbaycanın Laçın ərazisində qoyduğu postun Ermənistan ərazisində qalmasına çalışdıqlarını ortaya qoyurlar:
Azərbaycanla Ermənistan arasında sonuncu dəfə torpaq bölgüsü 1984-cü ildə aparılıb. Nəticədə Azərbaycanın Qazax rayonunun 600 hektardan çox meşə zonasını ermənilər götürür. 1975-ci il xəritəsinə istinad edilməsi Moskva tərəfindən verilən təklifdir.
Bu xəritədə Qazaxın kəndləri anklav şəklində Ermənistanın tərkibində qalır. Yəni Ermənistanın sərhədi indiki sərhədə gəlib çıxır. Ona görə də İrəvan məhz 1975-ci il xəritəsini gündəmə gətirir.
Bakı ilə İrəvan arasında sərhəd dəyişikliyi iki dəfə, 1929 və 1984-cü illərdə baş verib. Bu dəyişikliklər də Azərbaycanın xeyrinə olmayıb. İrəvan 1975-ci il xəritəsini yəqin ki, keçmiş Dağlıq Qarabağın ərazisinə görə istəyir. Çünki həmin dövrdə Hadrudla Ermənistan arasında məsafə çox yaxın idi. Azərbaycan sonradan məsafəni artırdı.
Köhnə xəritəyə əsasən ermənilər Gorusdan müəyyən qədər, təxminən 5-6 km. zolaq şəklində Qubadlının ərazisinə daxil olurlar. Bu fonda da Hadrutla Ermənistan arasında məsafə daha qısa olur. Həmin səbəbdən Paşinyan 1975-ci il xəritəsinin üzərində dayanır.
Ermənilərin məqsədi şeytani məqsəddir. İrəvan bu xəritəyə istinad etməklə Laçında qoyulan postumuzun öz aləmlərində Ermənistan ərazisində qalmasına çalışır.
1991-ci ildə isə hər iki dövlətin ərazisini təsdiq edən Almatı sənədi imzalanıb. 1975-ci il xəritəsi Azərbaycanın ziyanınadır. Bütün hallarda, Azərbaycan və Ermənistan BMT-yə hansı ərazilər daxilində qəbul olunubsa, sonda məhz o ərazilər də təsdiq olunacaq”./bizim.media