Paşinyan “qırmızı xətti” keçir – Yeni Qarabağ sayıqlaması
“Bölgəmizdə hərbi-siyasi vəziyyət gərgin olaraq qalmaqda davam edir. Ermənistan hökuməti bu gərginliyi aradan qaldırmaq üçün sülh gündəminin təşviqini əsas yol hesab edir”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
“Azərbaycanla sülh və münasibətlərin qurulması sazişi ilə bağlı intensiv danışıqlar aparılır. Ümid edirik ki, mətn üzrə tezliklə razılığa gəlib imzalayacağıq”, – baş nazir qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq birliyin mövqeyi getdikcə sazişin Ermənistanın Azərbaycanın 86.6 min kvadratkilometr, Azərbaycanın isə Ermənistanın 29.8 min kvadratkilometr ərazisində bütövlüyünü tanıması, eləcə də Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı “Bakı-Xankəndi dialoqu”nun aparılmasına meyllənir.
Paşinyanın Qarabağla bağlı fikirləri Azərbaycan üçün qəbuledilməzdir. “Xankəndi-Bakı dialoqu” kimi sayıqlamasını yenidən təkrarlayan Ermənistan baş naziri qeyd edib ki, danışıqları “bu məntiq”lə aparır. O, “bu dialoqa zəmanət verən beynəlxalq mexanizmlər”in son dərəcə vacib olduğunu vurğulayıb.
“Əminəm ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətləri tənzimləməklə mümkündür. Bu, heç də asan proses deyil, amma hesab edirəm ki, xalqımızın istədiyi və gözlədiyi budur”, – baş nazir əlavə edib.