Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

 

Mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.

C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.

Eyni zamanda Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password