Rusiyada hipersəs raketlərini yaradan alimlər həbs edildi
Rusiyanın Novosibirsk Nəzəri və Tətbiqi Mexanika İnstitutunun hipersəs uçan aparatlarının yaradılması ilə məşğul olan 3 alimi dövlətə xəyanət maddələri ilə həbs olunublar. Onları ömürlük həbs cəzası gözləyir.
Bu barədə Russiya mətbuatı məlumat yayıb.
Onların həbs olunduğu institut əməkdaşlarının yazdığı açıq məktubdan sonra məlum olub.
Məktubda texniki elmlər doktoru, baş elmi işçi, institutda yüksək sürətli aeroqazdinamika laboratoriyasının əsasını qoyan Valeri Zvyaqintsevin dövlətə xəyanət maddəsi ilə həbs olunmasından bəhs edilir.
Bildirilib ki, Zvyaqintsev aprelin 7-dən ev dustaqlığındadır. İnstitutun direktoru Aleksandr Şiplyuk isə hələ ötən ilin avqustundan “Lefortofo” istintaq təcridxanasında saxlanılır. Ondan bir neçə gün əvvəl isə insitutun digər baş elmi işçisi Anatoli Maslov “Lefortovo”ya salınıb. Hər iki şəxsə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci – dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.
“Academ.info”nun məlumatına görə, Maslov hipersəs texnologiyaları ilə bağlı məlumatları Çinə ötürməkdə günahlandırılır.
“Röyters” yazır ki, Şiplyuk və Maslov 10 ildən artıqdır hipersəs raketləri üzərində işləyirlər. Onlar bu tip silahın eksperimental dizaynını 2012-ci ildə Fransada keçirilən elmi seminarda təqdim ediblər.
Dörd il sonra iki alim hipersəs sürətli aerodinamik tədqiqatlar üzərində iş ortaya qoyub.
“Teleqraf” nəşri isə yazıb ki, Şiplyuk son illər hipersəs raketlərinin qoruyucu örtüyü ilə məşğul olurdu.
Kreml alimlərin həbsi ilə bağlı açıqlama verməkdən imtina edib.
“Kreml hipersəs raketləri ilə məşğul olan alimlərinin vətənə xəyanətdə şübhəli bilinərək saxlanmasını şərh etmir. Rusiya xüsusi xidmət orqanları işləyir, öz funksiyalarını yerinə yetirirlər, bu, çox ciddi ittihamdır”, – Kremlin mətbuat katibi Peskov bildirib.
Qeyd edək ki, Rusiyanın hipersəs silahının yaradıldığını Prezident Vladimir Putin 2018-ci ildə Federal Şuranın iclasında elan etmişdi. Həmin vaxt gəmi əleyhinə “Çirkon” və qitələrarası “Avanqard” raketlərinin şərti ABŞ ərazisinə zərbələr endirməsi ilə bağlı video da nümayiş etdirilmişdi./axar.az