Azərbaycana qarşı yeni taktika: Üçüncü tərəf olaraq… – Şəfiyevdən şok açıqlama
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında görüş bölgə ilə bağlı mühüm dönüş idi. Bu müsbət haldır ki, köhnə formata qayıdılıb. Sözsüz ki, burada sülh sənədi üzərində də müəyyən irəliləyişin olduğu müşahidə edilir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun fikrincə, bu istiqamətdə olan açıqlamalar o qədər də ürəkaçan deyil:
“Maraqlı məqam odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə əslində yeni bir taktikaya əl atır. Çünki bundan əvvəl erməni tərəfi 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirdilər. Amma bunu Qarabağa aid etmirdilər. İndi isə faktiki olaraq Azərbaycan ərazisini 86,6 min kv km səviyyəsində tanıdıqlarını bəyan etdilər”.
Mərkəz sədri hesab edir ki, Azərbaycan Ermənistanı məhz bu konkret rəqəmlə Qarabağ üzərində də faktiki suverenliyini tanımağa məcbur edib:
“Amma bundan sonra da Ermənistanın taktikası dəyişməyəcəyi bəllidir. Çünki Nikol Paşinyanın Reykyavikdəki çıxışı, onun komandasında olan millət vəkilinin səsləndirdiyi fikirlər ona deməyə əsas verir ki, Ermənistanın taktikası başqadır. Onlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı rəsmən bəyanat verdikdən sonra digər vasitələrlə Qarabağın müstəqilliyini tanıtmağa cəhd edəcəklər. Bunu da Ermənistan tərəfi üçüncü ölkələrin və tərəflərin əli ilə etməyə çalışacaq. Məhz Azərbaycana qarşı bir sıra beynəlxalq məhkəmələrdə qaldırılan məsələlər Ermənistanın bu siyasətinin, taktikasının tərkib hisəsi hesab edilir”./teleqraf.com