ABŞ Türkiyə-Yunanıstan münasibətlərini yenidən gərginləşdirir – KİV

 

Türkiyə 14 may seçkilərini geridə qoyaraq ikinci tura start verib. Yunanıstan isə bu həftə sonu seçkilərə gedir. Kritik seçkilərə aylar qalmış Ankara-Afina münasibətlərində qismən normallaşma Amerika döyüş gəmisinin manevrləri ilə qəfil yenidən gərginləşib.

Fevralın 6-da baş verən zəlzələlərdən sonra münasibətlərdə yeni səhifə açan Türkiyə və Yunanıstan yazda Egey dənizindəki təlimləri də ləğv ediblər. Atılan diqqətli addımların “pərdə arxası”ndan yazan “Kathimerini” qəzeti hər iki paytaxtın “yaz havasını” alt-üst edə biləcək hərəkətlərə diqqət çəkib.

Məlumata görə, Ankara və Afina seçkilər zamanı siyasi rıçaq kimi istifadə oluna biləcək hər hansı fəaliyyətdən yayınıblar. Qeyd olunur ki, Yunanıstanda hər il Pasxa həftəsində siyasətçilər Egey dənizindəki adaları ziyarət edir və oradakı əsgərlərlə şəkil çəkdirirdilər. Bu il isə Pasxa arxada qalsa da, belə hal baş verməyib.

“Zəlzələ diplomatiyası”nın canlandırdığı sakitlik Şərqi Aralıq dənizi böhranında açıq şəkildə Yunanıstanın tərəfini tutan ABŞ-ın Kipr adasında atdığı addımla pozulub. ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının döyüş gəmisi “USS Arleigh Burke” Süveyş kanalından keçərək Aralıq dənizinə daxil olub. Sonra Cənubi Kiprə yollanıb və Limassoldakı limanda lövbər salıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi rəsmi internet saytı vasitəsilə bu “planlı səfərə” reaksiya verib.

ABŞ-ın “USS San Juan” sualtı qayığının bir müddət əvvəl Cənubi Kiprə səfər etdiyini xatırladan Şimali Kiprin Xarici İşlər Nazirliyi Vaşinqtonun keçən il rumlara tətbiq etdiyi silah embarqosunu qaldıraraq tərəfsizliyini itirdiyini və Şərqi Aralıq dənizindəki gərginliyin tərəfində olduğunu bəyan edib.

Türkiyə Xarici İşlər Nazirliyi də bir neçə saat sonra internetdə rəsmi açıqlama yayaraq, ABŞ-ı cari siyasətlərini nəzərdən keçirməyə çağırıb:

“Biz Şimali Kipr Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin “USS Arleigh Burke” gəmisinin Yunan Kipr Administrasiyasının limanlarından birində lövbər salması ilə bağlı verdiyi bəyanatı dəstəkləyirik. Dəfələrlə birlikdə vurğuladığımız kimi, ABŞ ilə Türkiyənin bölgədə Kipr Türk tərəfinə qarşı atdığı sabitliyi pozan addımlar bu ölkənin uzun illərdir adada saxladığı neytral mövqeyə xələl gətirir və Kiprdə ədalətli, qalıcı və davamlı həll yoluna maneə yaradır. ABŞ-ı bu siyasətləri nəzərdən keçirməyə dəvət edirik. Bir daha qeyd etmək istərdik ki, Türkiyə qarant dövlət olaraq Kipr türklərinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə etməyə davam edəcək”.

ABŞ-ın Cənubi Kiprdəki səfirliyi isə “Twitter” hesabında Şimli Kiprə məhəl qoymayan bir paylaşım edib:

“Kiprə xoş gəlmisiniz! “USS Arleigh Burke” güclü Kipr və ABŞ dəniz əməkdaşlığını davam etdirir və regionda sabitliyin və təhlükəsizliyin qorunmasına dair ümumi öhdəliyimizi bir daha təsdiqləyir”.

ABŞ ordusunun rəsmi saytı isə Limassoldakı limanın 6 fotosunu dərc edib.

Rum tərəfinin nəşr etdiyi “Cyprus Mail” qəzeti ABŞ və İngiltərənin də iştirak etdiyi “Argonaut-2023” adlı təlimlə bağlı məlumat verib. Təlimdə “USS Arleigh Burke”-nin də iştirak edəcəyini bildirən qəzet Kiprin Rum müdafiə naziri Mikalis Giorgallasın açıqlamalarına yer verib.

Xəbərə görə, 7 ölkənin iştirak etdiyi təlim Kipr Rum tərəfi üçün böyük qürur mənbəyidir.

Qeyd edək ki, “Arqonavt-2023”də ABŞ və Böyük Britaniyadan başqa İsrail, İtaliya, Misir, Fransa və Yunanıstan da iştirak edir.

2020-ci ildə başlayan Şərqi Aralıq dənizi böhranında Yunanıstanı dəstəkləyən ABŞ Krit adasındakı Suda bazasına bir təyyarədaşıyan gəmi göndərərək Sudanı son üç ildə Aralıq dənizindəki əhəmiyyətli bazaya çevirib. Bundan başqa, Yunanıstanın şimaldan cənuba bir çox bölgəsində daimi bazalar əldə edən ABŞ ordusu yunan ordusu ilə dəfələrlə təlimlər keçirir.

Türkiyənin ABŞ-dan yeni F-16 döyüş təyyarələri və modernizasiya dəstləri almasına mane olmağa çalışan Afina rəhbərliyi isə F-35 təyyarələri almaq üçün rəsmi müraciət edib./reyting.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password