Lavrovun Ermənistana GÖSTƏRDİYİ YOL – Rusiya XİN başçısı əslində kimə xitab edib…
Rusiya xarici işlər naziri Sergey Lavrov iddia edib ki, Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını yerləşdirsəydi, guya bundan udardı. Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi.
KTMT missiyası Ermənistanda yerləşsəydi belə, təşkilatın hərbi müşahidəçiləri Avropa İttifaqının müşahidə missiyası kimi təmas xəttindəki toqquşmaların qarşısını ala bilməyəcəkdilər. Birincisi, missiyanın tərkibi kiçik olacağından hərbi müşahidəçilər bütün sərhədboyu yerləşə bilməyəcəkdilər. İkincisi, erməni hərbçiləri missiyanın arxasından mövqelərimizi atəşəsə tutsaydılar, yenə cavabını alacaqdılar və bu halda Avropa missiyası kimi KTMT missiyasının da faydasız olacağını anlaşılacaqdı. Üçüncüsü, KTMT missiyasının əsasını rusiyalı hərbçilər təşkil edəcəkdilər ki, onlar onsuz da Ermənistandakı hərbi bazada xidmət edirlər, təşkilatda Azərbaycana dost dövlətlərin İrəvanın xeyrinə qərar verəckləri şübhə altındadır. Lavrovun KTMT missiyası ilə bağlı sözləri sadəcə Paşinyana müxalif olan qüvvələrə ünvanlanıb ki, baş nazirin qətiyyətsizliyindən ona qarşı istifadə etsinlər. Nikol Paşinyan KTMT missiyası bir yana qalsın, təşkilatı tərk etmək barədə düşünür. Çünki, Paşinyana da aydındır ki, KTMT Ermənistanı qoruya bilməyəcək.
Elxan Şahinoğlu