Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı açıqlaması – TAM MƏTN
Aİ Şurasının Prezident Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib.
“Bu gün Brüsseldə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın beşinci görüşünə ev sahibliyi etmək çox xoş idi. Fikir mübadilələrimiz səmimi, açıq və nəticəyönümlü oldu. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yolunda irəliləyişə diqqət yetirdik. Liderlər Cənubi Qafqazın sülh şəraitində yaşaması üçün ortaq istəyi bölüşürlər. Mən onların müvafiq səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik”, – deyə Mişel bildirib.
O, qeyd edib ki, bu yaxınlarda ABŞ-də sülh müqaviləsi üzrə aparılan müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması sürəti saxlanılmalıdır.
“Biz sərhədin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu kontekstdə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər. Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq”, – deyə Aİ Şurası rəhbəri açıqlayıb.
Mişel bildirib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər.
“Bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. İşçi qruplarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb. Tərəflər həmçinin bu işə dəstək vermək üçün Ümumdünya Gömrük Təşkilatının yardımından istifadə etmək barədə razılığa gəliblər. Humanitar məsələlərə gəlincə, yaxın həftələrdə daha çox hərbi əsirin azad ediləcəyi gözlənilir. Mən həmçinin, sadəcə olaraq azaraq qarşı tərəfə keçən hərbçilərin tezliklə azadlığa buraxılması ilə bağlı qarşılıqlı anlaşmanın qorunmasının vacibliyini vurğuladım. Biz, həmçinin itkin düşmüş şəxslərin taleyinin həlli və ərazinin minalardan təmizlənməsi üzrə işlərin gücləndirilməsinin vacibliyini müzakirə etdik. Düşünürəm ki, qarşılıqlı məqbul həllər əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla çalışmaq və liderlik nümayiş etdirmək vacibdir”, – deyə Şura Prezidenti diqqətə çatdırıb.
Onun sözlərinə görə, Aİ-nin heç bir gizli gündəmi yoxdur.
“Bizim yeganə məqsədimiz Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz tərəflərin birgə səylərinə töhfə verməyə hazırıq. Biz Brüssel görüşlərini lazım gəldikdə tez-tez keçirməyə razılaşdıq. Liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər. Artıq ictimaiyyətə açıqlandığı kimi, biz də yaxın gələcəkdə Fransa prezidenti Makron və Almaniya kansleri Şolts ilə Kişinyovda Avropa Siyasi Birliyinin 2-ci Zirvə Toplantısı çərçivəsində yenidən görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətindəyəm”, – deyə Mişel fikrini yekunlaşdırıb.