Zod təxribatının görünməyən tərəfləri – Azərbaycana iki istiqamətdə hücum
“Hazırda Azərbaycanda iki həssas nöqtə var: Ağbənd və Söyüdlü – Zod. Bütün vacib məqamlarda bu iki coğrafi məkan üzərindən Azərbaycana təsir etməyə çalışırlar”.
Bunu politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, Zod yatağı Azərbaycanın Kəlbəcər və Ermənistanın Vardenis (Basarkeçər) rayonlarının sərhədində yerləşir:
“Ümumi ərazisinin 70 faizi Kəlbəcər, 30 faizi isə Vardanesin ərazisində idi. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub. Yatağın əksər hissəsinin Kəlbəcərdə yerləşməsinə baxmayaraq, naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ-in Geologiya və Əlvan Metallurgiya idarələri tərəfindən aparılıb.
Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə “Ermənistana aid olması” qəbul edilib. Yatağın istismarına 1976-cı ildən başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri – sənaye əhəmiyyətli ehtiyatları 112.5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il Ermənistanın işğalçı rejimi tərəfindən talan edilib. Hələ bir neçə il əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Nazirlər Komitəsinə müraciət edərək, işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib. Müraciətdə qeyd edilib ki, hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb”.
Əziz Əlibəyli bildirib ki, Zodun qeyri-qanuni istismarçısı Ermənistanın ən böyük vergi ödəyicilərindən olub:
“Nəhayət, açıqlanan rəsmi məlumatlardan görünən odur ki, ötən il Zod qızıl mədənini qanunsuz istismar edən Rusiyanın “GeoProMining Gold” şirkəti Ermənistanın ən böyük 4-cü vergi ödəyicisi olub. 2019-cu ildə “GeoProMining Gold” Ermənistanın dövlət büdcəsinə 16 milyard dram (32 milyon dollar) vergi ödəyib.
Bu ilin aprelindən ərazidə işlər dayandırılıb. Demək ki, Paşinyana Moskvada verilən ev tapşırığı bu imiş. Bu istiqamətdə sərhəddə delimitasiya-demarkasiya problemi var. Harda problem varsa, ordan münaqişə törətmək asandır”./teleqraf.com