Masada ciddi sənəd var: İrəvan buna görə təxribata əl atdı
Ermənistanın görüş ərəfəsində təxribatlara əl atması kriminal adətlərdən qaynaqlanır. Təcrübə də onu göstərir ki, hər zaman vacib əhəmiyyətli məsələlərin müzakirəsi ərəfəsində Ermənistan tərəfi müxtəlif provokasiyalara əl ataraq gözlənilən görüşlərdə vasitəçilərin diqqətini ikinci dərəcəli məsələlərə cəmləşdirir.
Bu sözləri mayın 14-də Brüsseldə keçiriləcək üçtərəfli görüş ərəfəsində Ermənistanın təxribatlara əl atması, həmçinin, genişləndirmə cəhdləri haqda açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, baş verənlər doğurdan da danışıqlar masasında çox əhəmiyyətli məsələlərin müzakirə edildiyinin, prosesin son mərhələdə olduğunun indekatorudur:
“Ancaq digər tərəfdən belə görünür ki, tam sürətlə sülh müqaviləsini imzalamağa Ermənistan tərəfi hələ hazır deyil. Baxmayaraq ki, ara-sıra Baş nazir Nikol Paşinyan da bu haqda çıxışlar edir. Belə görünür ki, onun fikirləri sadəcə vasitəçilərin xoşuna gəlməyə hesablanır. Ancaq baş verənlər son mərhələdə vəziyyətin daha da mürəkkəbləşə və yeni təxribatların törədilə biləcəyini göstərir. Bu da prosesə ciddi olaraq təsir edir”.
İ.Vəlizadə bildirib ki, belə təxribatlara əl atmaqla Ermənistan sadəcə olaraq vaxt uzadır:
“Bunun mənası yoxdur, çünki onsuz da vaxt onların əleyhinə işləyir. Əgər hadisələr bu minvalla inkişaf etsə, Azərbaycan öz hərbi, siyasi və iqtisadi mövqelərini real olaraq daha da gücləndirəcək. Ermənistan isə heç nə qazanmayaq. Onsuz yaxşı olmayan vəziyyətləri daha da pisləşəcək. Nəticə etibarilə bu dövlətin süqutuna gətirib çıxaracaq. Ermənistan real olaraq öz-özünü blokadaya salıb və regiondakı layihələrdən təcrid edib. Buna görə də insanlar Ermənistanı, xüsusilə də Qərbi Zəngəzuru tərk edirlər. Bu isə demoqrafik kollapsa gətirib çıxaracaq. Ona görə də ermənilərin vaxt udma cəhdləri ola bilər ki, taktiki olaraq onlara nəsə qazandırsın, ancaq strateji olaraq uduzurlar”./axar.az