Gediş haqqı yenə artır: Hökumət kimin yanında dayanacaq?
İctimai nəqliyyat Bakının ən böyük problemlərindən biridir. Dəfələrlə müəyyən yollarla bu problemin həllinə çalışılsa da, nəticədə bu “düyün”lər aradan qaldırılmadı.
Sərnişindaşıma şirkətləri isə sərnişinlərin dəqiqələrlə dayanacaqda avtobus gözləməsinin, mənzil başına vaxtında çata bilməməsinin, istismar müddəti başa çatmış avtobusların sakinlərin həyatına təhlükə yaratmasının səbəbini gediş haqlarının az olmasında görür.
Şirkətlər bütün problemlərin gediş haqlarının artılıması ilə həll oluna biləcəyini düşünür.
Çünki ötən il Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər Nazirlər Kabinetinə pandemiya səbəbilə iflasa uğradıqları barədə müraciət ünvanladıqda gediş haqlarının artırılmasını təklif etmişdilər. Bu gün də daşıyıcı şirkətlər yenidən Baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayıblar.Şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz ediblər.
Müraciətlərində bildiriblər ki, hazırki qiymətlərin bazar reallığından aşağı olan gediş haqqı və subsidiyanın kəsilməsi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymaqla, borclanmanı daha da artıracaq və fəaliyyət imkanlarını risk altına salacaq.
Daşıyıcı şirkətlər müraciətdə yenidən gediş haqqı məsələsinə toxunmaqla problemin həlli kimi yenə də sərnişinlərin daha çox pul ödəməsinə səbəb olacaqlar.
Onların müraciəti əsasında Tarif (qiymət) Şurası tərəfindən fevral ayında paytaxt ərazisində gediş haqları 30 qəpikdən 40 qəpiyə qaldırıldı. Lakin bir neçə aydır qiymətin artırılmasına baxmayaraq nəqliyyatın keyfiyyətində zərrə qədər dəyişiklik yoxdur. Hətta insanlar yolda qalmamaq və oturacağı sınıq, qapısı açıq avtobuslarda gedərək həyatlarını təhlükəyə atmamaq üçün el arasında “manatlıq taksi” kimi tanınan xidmətdən istifadə edirlər.
Şirkətlər sərnişini cəlb etməyin yollarını düşünməkdən, əksinə gediş haqlarının artırılmasını istəməklə sərnişinləri daha alternativ variantlar axtarmağa məcbur edirlər.
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, nəqliyyat problemlərinin həlli qiymət artımında deyil:
“Təəssüf ki, ziyanla işləyən və yaxud xərcləri çox olan şirkətlər effektiv idarəetmə modelinə keçməkdənsə, bütün problemin həllini vətəndaşın çiyninə qiymət artımı formasında yükləyir. Bu, dövlətlə münasibətdə olan və yaxud dövlət şirkətlərinin özlərinə aiddir. Nəticədə pis bir ənənə formalaşıb. Ümumiyyətlə, nəqliyyat sektorunun problemlərinin köklü həlli qiymət məsələsi yox, idarəetmə məsələsidir. Bu günə olan pərakəndəliyin də nəticəsi ona gətirib çıxarır ki, əhali qiymət və keyfiyyətdən narazıdır, şirkətlər isə qiymətlərin daha da yüksək olmasına çalışırlar”.
Ekspert problemin həllində digər ölkələrin modellərindən istifadə edilməsinin tərəfdarıdır:
“Birincisi, Azərbaycanda idarəetmədə olan problemlər aradan qalxmalıdır, diferensial qiymət siyasəti olmalıdır. Bu günə qədər buna keçid edə bilmirlər. Dünyanın bütün ölkələrində nəqliyyat sistemində eyni qiymət mövcud deyil. Bizdə isə qiymət dedikdə birdəfəlik gediş haqqı nəzərdə tutulur. Bu, dünyanın bir çox ölkələrində bahadır. Sən gedişi birdəfəlik alırsansa, bu, olduqca bahadır. Amma çoxlu sayda diferensial qiymət siyasətinə uyğun modellər var. Məsələn, tələbələr üçün 6 aylıq, birillik qiymət tarifi mövcuddur, təqaüdçülər və ya istənilən vətəndaşlar üçün birhəftəlik, hətta birgünlük, altıaylıq və s. gediş haqqı imkanları var.
Bu daha effektiv modeldir. Çünki şirkətlər o pulu öncədən toplayırlar. Məsələn, təsəvvür etsək ki, Azərbaycanda 100 min insan birdəfəlik birillik gediş haqqını alacaq. Bu da təqribən, 150-200 manat edəcəksə, birdəfəlik 100 min insandan 200 manat toplayaraq şirkətlər avtobus da yeniləyə bilər, öz problemlərini də həll edə bilərlər. Bizdə belə bir diferensial model yoxdur deyə, həmişə qiymətdən danışarkən birdəfəlik gediş haqqının artırılıb, artırılmaması məsələsi müzakirə olunur”.
Natiq Cəfərli nəqliyyatın eyni mərkəzdən idarə olunmamasını da problemə səbəb olmadığını deyib:
“İkinci bir məsələ odur ki, dünyanın hər yerində nəqliyyat sistemi böyük şəhər bələdiyyələrinin balansında olur və bir mərkəzdən idarə olunur. Bizdə isə burada da pərakəndəlik var. Ümumiyyətlə, bizdə böyük şəhər bələdiyyələri, mer seçkiləri yoxdur. Məhz problemlərin köklü şəkildə həlli nail olmaq üçün mütləq idarəetmənin forması dəyişdirilməlidir. Böyük şəhər bələdiyyəsinin yardılması yolu ilə nəqliyyat infrastrukturunun bir mərkəzdən idarə olunması təmin edilməlidir.
Bu zaman həm idarəetmənin effektivliyi artır, həm qiymət siyasətinin çevik olmasına imkanlar yaranır, həm də idarə edənlər vətəndaş qarşısında məsuliyyətli davranmağa məcbur qalırlar. Sadaladığım bu köklü problemlər həllini tapmadıqca biz 3-6 aydan və bir ildən bir qiymətin artırılması məsələsini müzakirə etmək məcburiyyətində qalacağıq”./cebhe.info