“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

 

ABŞ-nin “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək.

Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan “SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) deyib.

Onun sözlərinə görə, bu konqresin 50 illik yubileyinin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir:

“Mən Bakıda olmaqdan çox məmnunam. Bu, Azərbaycana ilk səfərimdir. Oktyabr ayında “SpaceX”in də dəstəkləyəcəyi Beynəlxalq Astronavtika Konqresinə qayıtmağı səbirsizliklə gözləyirəm. Konqresə son ev sahibliyi etməyinizdən 50 il sonra, yubileydə bunu edə bilmək çox gözəldir”.

Qeyd edək ki, bu gün Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi (“Azərkosmos”) ilə “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Azərkosmos” və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

Xatırladaq ki, bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən yüksək ixtisaslı mütəxəssislərin qatılması gözlənir. Konqresdə iştirak etmək üçün 95 ölkədən 3 532 elmi məqalə göndərilib. Bununla Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

Bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həddə – 214-dür. Bu göstərici ilə ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password