Azərbaycanda 51 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var
Azərbaycanda hazırda 51 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunması Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən onlara daim xüsusi diqqət və qayğı göstərilib. Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi iştirakçılarına biganə münasibət yaransa da, xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyə qayıdışından sonra bu biganəliyə son qoyularaq, İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasəti formalaşıb. 9 May – Qələbə günü də həmin vaxtdan ölkəmizdə yenidən dövlət bayramı kimi qeyd olunmağa başlayıb.
İkinci Dünya müharibəsi iştirakçılarına bu böyük diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanlar və iştirakçılarına Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ödənilir. Ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb. Xüsusilə son beş ildə aparılan ardıcıl sosial islahatlar nəticəsində ölkəmizdə müavinət və təqaüd ödənişlərində 5 dəfə, orta aylıq pensiyada 2 dəfə artıma nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.
Eyni zamanda, dövlət başçısı tərəfindən hər il 9 May – Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalanır. Bu il də 26 aprel 2023-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib. Sərəncam ümumilikdə 3538 şəxsi əhatə edib, onlardan 51-i İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır.
Həmin birdəfəlik maddi yardımın məbləği də son illərdə müharibə iştirakçıları üçün 3 dəfə, döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslər üçün 4 dəfə artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı da həyata keçirilib.
Bu kateqoriyaya aid vətəndaşların, həmçinin döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi işləri də aparılır.