Paşinyan buna ümid edirdi, puç oldu – Ekspert
Məsələ Ermənistanın sülh danışıqlarında tək olmamasıdır. Ona havadarlıq edən bir qrup ölkə var. Rusiya, Avropa, hətta ABŞ-ın bir seqmenti, İran və Hindistan Ermənistanın arxasında dayanır.
Bu sözləri açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
“Ermənistan ümid edirdi ki, 44 günlük müharibədən sonra həmin ölkələr effektiv olaraq onun maraqlarını qoruyacaq və Azərbaycana təzyiq edəcək. Bunun nəticəsində Azərbaycan diplomatik masada Ermənistana bəzi güzəştlərə getməyə məcbur olacaq. Ancaq bu, alınmadı. Erməni dövləti Qafqazda mövcud olmaq istəyirsə, onda Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıqda yaşamalıdır. Əgər bunu etməzsə, Ermənistan dövləti üçün böyük təhdidlər və regional təhlükəsizlik üçün böyük problemlər yarana bilər. Azərbaycan bu məsələləri göz önünə alaraq, yaxın müttəfiqləri ilə diplomatik, siyasi, hərbi, texniki sahədə qabaqlayıcı tədbirlər görür. Bir sözlə, Azərbaycan istənilən ssenariyə hazırdır”, – Hüseynov bildirib.
Ekspert 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı Üçtərəfli Bəyanatın hüquqi sənəd olmadığını bir daha xatırladıb:
“Ölkə başçısı Şuşada keçirilən beynəlxalq konfransda bunu bir daha vurğuladı. Bəyanatın hüquqi gücü yalnız bəyanatı imzalayan tərəflərin razılaşması ilə nəticələnə bilər. Əfsuslar olsun ki, Rusiya bəyannamənin şərtlərini təmin etmədi. Birincisi, Azərbaycan ərazisindəki rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı bütün qanunsuz erməni hərbi dəstələri regionu tərk etməli idi. İkincisi, Zəngəzur dəhlizinin açılmasında təminatçı Rusiyadır. Ancaq Rusiya Ermənistana təzyiq edə bilmədi, yaxud bunu etmək istəmədi. Nəticədə yeni reallıq yarandı. Bir sözlə, Rusiya Üçtərəfli Bəyanatın təminatçısı olaraq öz işini görə bilmir. Sözsüz ki, Azərbaycan da öz milli maraqlarına uyğun ərazi bütövlüyü, suverenliyi üçün addımlar atacaq. Beynəlxalq hüquq çərçivəsində olduğundan bundan heç kim narazı ola bilməz. Dövlət başçısı özü də dəfələrlə yeni dünya düzəninin formalaşdığını vurğulayır. Köhnə beynəlxalq hüquq qanunvericiliyinin bazası çökür. Azərbaycan da bunu nəzərə alaraq öz suveren maraqlarını müdafiə etmək üçün lazımi addımlar atır. Ermənistan yeni reallığı anlamır, anlasa da, inteqrasiya oluna bilmir. Ona görə də nə baş versə, əziyyətini çəkən yalnız Ermənistan olacaq. Azərbaycan bu dönəmə tam hazırlıqlı idi. Neçə il öncədən ölkə başçısı bilirdi ki, dünya düzənində ciddi iqtisadi, maliyyə, siyasi və s. problemlər var və yeni tranzit marşrutlar açılacaq. Ona görə də biz böyük dövlətlərin maraqlarına uyğun iqtisadi siyasət yeridirik. Azərbaycan həmişə ikitərəfli yox, çoxtərəfli iqtisadi layihələr icra edir. Bu siyasətinə davam edərək Azərbaycan öz nüfuzunu, rolunu ətraf regionlarda da genişləndirib möhkəmləndirəcək”, – siyasi şərhçi bildirib./axar.az