Rollar dəyişdi – “İrəvan sazişi imzalamasa belə, Bakı bu addımı atacaq”

 

“Ermənistan baş naziri Azərbaycanla sülh sazişi imzalamasa belə, Qarabağda erməni separatizminə son qoyulacaq”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ABŞ-da baş tutan dörd günlük müzakirələrin sülh müqaviləsinin imzalanmasına ümidləri artırdığını bildirib:

“ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 1-4 may tarixlərində keçirilən danışıqlarda əsas məsələlər üzrə mövqelərin fərqli qaldığı etiraf edilib. Buna baxmayaraq, Blinken müsbət nəticəyə ümidlidir. O, tərəflərin razılığa gəlmək ərəfəsində olduğuna əmindir. ABŞ dövlət katibi finişə az qaldığı qənaətindədir.

Bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdi idi. 2001-ci ildə ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü olmuşdu. Danışıqlar budəfəki kimi intensiv olaraq 4 gün davam etdi, ancaq nəticəsiz qaldı. Çünki Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var.

Vaşinqton gələcəkdə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında da görüş təşkil etməyə çalışacaq. Pauell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, Blinken isə müsbət nəticə əldə etməyə səy göstərəcək.

Sülh sazişinin imzalanması Ermənistanın bu sənədin mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə “risk”ə getmək istəmir. Ermənistan baş naziri Azərbaycanla sülh sazişi imzalamasa belə, Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password