Vaşinqtonun sülh şərti bəlli oldu: Proses dəyişir… – Şəfiyev detalları açıqladı
Hazırda ABŞ-da Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında danışıqlar davam edir. Amma bu o demək deyil ki, burada bütün problemlər həll olunub. Ötən gün Prezident İlham Əliyev Şuşada beynəlxalq konfransda çıxış edərkən məlumat verdi ki, erməni tərəfi əldə ediləcək sülh sazişinə müəyyən absurd məsələləri əlavə etmək niyyətindədir. Azərbaycan təbii ki, heç bir halda buna razılıq verməyəcək. Amma bunun fonunda tərəflər arasında Vaşinqtonda danışıqlar davam edir. Azərbaycan özünün sülh gündəliyini ortaya qoyub.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib k, ABŞ-ın bu kimi məsələlərə təsir imkanları fərqlidir: “Çünki ABŞ-ın istəyi odur ki, bu regionda Rusiyanın təsirini mümkün qədər azaltmağa nail olsun. Eyni zamanda münaqişədən sonra həll edilməmiş məsələlər regionda sülhün əldə olunmasına əngəllər yaradır. Bu sözsüz ki, Rusiyanın maraqlarına xidmət edir. Amma bu o demək deyil ki, ABŞ Azərbaycanın maraqlarını müdafiə edir. Bu, sadəcə Vaşinqtonun öz geosiyası baxışları ilə bağlıdır”.
Fərid Şəfiyev hesab edir ki, Rusiyanın bölgədə münaqişə vəziyyətini saxlamaq niyyətinə qarşı ABŞ-ın mövqeyi var: “Eyni zamanda sülh sazişinin imzalanmasına ABŞ-ın yanaşması da dəyişib. Vaşinqton əvvəllər hansısa sülh sazişinin imzalanması məsələsini qaldırırdısa, indi ölkələrin ərazi bütövlüyü amilini önə çəkir. Çünki Azərbaycan reallığı dəyişdirib və öz ərazilərini azad edib. Bununla yanaşı hazırkı qlobal yanaşmalarda, yəni Rusiya-Ukrayna müharibəsi fonunda ərazi prinsipi daha çox önəm kəsb edir”.