Ermənistanda İran II yerdə: Rusiya uduzur – Ananyan
Erməni cəmiyyəti getdikcə daha çox Rusiyadan üz döndərib, AB, ABŞ-a və İrana üz tutur. Uzun illər Rusiya təbliğatı və aparıcı siyasi qüvvələri Moskvanın Ermənistanın yeganə müttəfiqi olduğunu iddia edərək erməniləri aldatmaqla yanaşı, ABŞ, Fransa, NATO və AB-yə qarşı da böhtan kampaniyası aparıblar.
Bunu erməni jurnalist Robert Ananyan deyib.
“Lakin 44 günlük müharibə göstərdi ki, Rusiya Ermənistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər Rusiyadan çox Qərbə arxalanmağa üstünlük verirlər.
Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusuna əsasən, ermənilərin yalnız 10%-i Rusiya ilə münasibətlərin hazırkı vəziyyətini çox yaxşı, 40%-i isə bir qədər yaxşı kimi qiymətləndirib. Bu, əvvəllər Ermənistanda danılmaz xilaskar obrazına malik olan Rusiya üçün fəlakətli dərəcədə aşağı rəqəmdir. 15% Rusiya ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətini çox pis, 34% isə bir qədər pis kimi qiymətləndirib. Yəni ermənilərin təxminən 50%-i Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini mənfi qiymətləndirir.
Eyni sorğuda iştirak edən ermənilərin 63%-i Ermənistanla Fransa arasında münasibətlərin hazırkı vəziyyətini çox yaxşı, 33%-i isə bir qədər yaxşı kimi qiymətləndirir. Ermənilər öz növbəsində Fransanı mütləq lider və mühüm tərəfdaş hesab edirlər. Ermənistan vətəndaşlarının 75%-i Fransanı Ermənistanın ən mühüm siyasi tərəfdaşı hesab edir. İkinci yerdə 67%-lə İran qərarlaşıb”, – o bildirib.
Erməni jurnalist qeyd edib ki, Rusiyanın erməni cəmiyyətində mənfi rolu getdikcə daha çox vurğulanır:
“Rusiya Ermənistanda Qərbə uduzur. Tədricən Rusiyanın məğlubiyyəti daha aydın görünəcək. Bu göstəricilər Ermənistan hakimiyyətinin Rusiyadan üz döndərib Qərbə üz tutması və ABŞ, Fransa, AB və NATO ilə daha dərin əməkdaşlığa başlaması üçün yaxşı əsasdır”./axar.az