“Bu baş verərsə, real sülh haqqında danışmaq olar” – Zülfüqarov Vaşinqton görüşü haqqında
“Vaşinqtondakı danışıqların nəticəsinin müsbət və ya mənfi olmasını müəyyən etmək üçün bir qədər gözləməyə ehtiyac var”.
Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, burada problem Ermənistan tərəfidir.
“Ermənistan Baş naziri səhər bir, axşam isə tam başqa bir söz deyir. Bu da, istər-istəməz qeyri-ciddilik yaradır. Yəni qarşı tərəfin davranışı danışıqlarla bağlı ümidləri zəiflədir”, – keçmiş nazir əlavə edib.
T.Zülfüqarov hesab edir ki, əsas məsələ Ermənistanın mövqeyinin dəyişməsi, mövcud reallığı qəbul etməsidir: “Bu baş verərsə, real sülh haqqında danışmaq daha asan olar”.
Onun sözlərinə görə, müharibədən dərhal sonra Azərbaycan delimitasiya, demarkasiya, Qərbi Zəngəzur, işğal nəticəsində dəyən ziyan və digər vacib məsələləri qaldırıb və bunlar təsadüfi deyil.
Keçmiş nazir əlavə edib ki, Azərbaycanın mövqeyi aydındır və hər yerdə öz əksini tapır: “Azlıqlar mövzusu qarşılıqlı şəkildə müzakirə edilə bilər. Bunun üçün Qərbi Azərbaycan məsələsi də var. Oradan çıxarılmış azərbaycanlıların hüquqlarının təminatı paralel şəkildə müzakirə edilə bilər. Odur ki, Xankəndi məsələsinə qarşı tutarlı arqumentlər var və bunların paralel müzakirəsini təklif etmək müsbət yanaşmadır”.
T. Zülfüqarovun fikrincə, danışıqların perspektivi daha çox erməni tərəfinin reallığı hansı şəkildə qəbul etməsindən asılıdır.
“Fikrimcə, hazırda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Hazır olduğu ortaya çıxarsa, irəliləyişlər əldə ediləcək”, – keçmiş nazir vurğulayıb. /azpolitika.info