Böyük skandal üzə çıxdı – İrana torpaq verməyə başladılar
Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesində heç bir irəliləyiş əldə olunmazkən, diqqətçəkən bir gəlişmə baş verib. Bəşər Əsəd rejimi tərəfindən İrana Suriyadan torpaq verilməyə başlandığı üzə çıxıb.
Bu barədə Türkiyənin “Yeni Akit” qəzeti yazır.
Türk nəşrinin iddiasına görə, Əsəd rejiminin Tehranla əlaqələri onun İrana güzəştə getməsinə səbəb olur:
“Yerli “Levant 24” saytının məlumatına görə, İran Prezidenti İbrahim Rəisinin Suriyaya səfərindən əvvəl Əsəd rejimi ölkədəki bəzi torpaqların mülkiyyətini Tehran rəhbərliyinə keçirib. İran liderinin sabah Suriyada Bəşər Əsədlə görüşü gözlənilir.
Sözügedən torpaqların Əsəd rejiminin Tehrana borclarını silmək məqsədilə verildiyi bildirilir. Əsəd rejimi hücumlar səbəbilə evlərini tərk etmək məcburiyyətində qalan Suriya vətəndaşlarının torpaqlarını və evlərini İranın almasına da icazə vermişdi.
İran isə şiə yaraqlılarını və ailələrini Əsəd rejimindən aldığı torpaqlarda yerləşdirir. Tehran dini-siyasi təsirini yaymaq üçün onlardan istifadə edir.
Əsəd rejiminin Tehrana daha çox torpaq verməsinin İranın Suriyadakı təsirini artıracağı düşünülür.
Rejim “ərazi bütövlüyünü təmin etməyi ən ali prioritetlərdən biri” kimi elan etsə də, ona hərbi-siyasi dəstək verən İran və Rusiyaya torpaqlarını verməkdə davam edir”./teleqraf.com