Proses nəzarətdən çıxır: Anlaşma pozuldu – Dünyanı cəhənnəmə çevirəcək silahlar dövriyyədə

 

NATO baş katibi Yens Stoltenberq son çıxışlarından birində nüvə təhlükəsindən danışıb. Rusiyanın son bir neçə ayda Qərbi nüvə silahı ilə hədələməsi məlum faktdır. Rusiya Prezidenti Vladimir Putin və ətrafındakı rəsmilər bir neçə dəfə Qərb ölkələrini nüvə silahıyla təhdid ediblər.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, bu, Rusiyanın Ukrayna müharibəsindəki uğursuzluları ilə bağlıdır:

“Kreml Ukraynadakı hədəflərinə çatsaydı, Rusiya rəsmilərinin Qərbi nüvə silahıyla hədələməsinə ehtiyac qalmazdı. Ancaq Rusiyada onu da anlayırlar ki, nüvə silahıyla qorxutmağa çalışdıqları ölkələrin də nüvə silahları var.

Rusiya ilə yanaşı Çin, İran və Şimali Koreyanın nüvə fəaliyyətləri də beynəlxalq aləmin narahatlığına səbəb olub.

NATO baş katibinin əsas qorxusu bununla bağlıdır: “Qlobal təhlükəsizlik təhdidlərlə üzləşir, Çin öz imkanları barədə heç bir şəffaflıq təmin etmədən nüvə arsenalını sürətlə gücləndirir, İran və Şimali Koreya açıq şəkildə nüvə proqramlarını inkişaf etdirirlər”.

Stoltenberqin sözlərinə görə, nüvə və digər silahlarla yanaşı, süni intellekt və yeni texnologiyalar da meydana çıxır ki, bunlar da risklər yaradır və bu risklər gözardı edilməməlidir: “Dünyamız daha təhlükəli və daha az proqnozlaşdırıla bilən olub”.

Stoltenberqin fikrincə, keçmiş illərdə nüvə təhlükəsizliyi ilə bağlı imzalanan sazişlər təhdid olunur, yəni həmin müqavilələr etibarlı deyil: “Bu müqavilələr dostlar arasında yox, əksinə, rəqiblər arasında imzalanıb. Bu müqavilələrin çoxunu gərginliyin ən yüksək anında imzalamağa nail olmuşuq. Bu “soyuq müharibə” dövründə baş verib və indi də ola bilər”.

Təhlildə qeyd edilir ki, Stoltenberq Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını vurğulayıb:

“NATO baş katibi Pekinin siyasəti haqda danışarkən, Çinin qlobal güc kimi qlobal məsuliyyət daşıdığını bildirib. Görünür, Stoltenberq bunu ona görə deyib ki, Çin ABŞ və Rusiyadan fərqli olaraq, nüvə silahlarıyla bağlı sazişlərə imza atmayıb və özünü rahat hiss edir.

“Soyuq müharibə” illərində nüvə silahlarının azaldılması və nəzarətdə saxlanılmasıyla bağlı sazişləri öz aralarında iki əsas rəqib – ABŞ və SSRİ imzalamışdı. Çinə o illərdə diqqət yetirilmədiyinə görə Pekin boşluqdan öz məqsədləri üçün istifadə edib. Hazırda beynəlxalq aləmdəki ziddiyyətli şərtlər daxilində Çin nüvə silahının istehsalını nəzarət altına alacaq heç bir beynəlxalq sazişə imza atmayacaq. Bu, Pekinin maraqlarına ziddir.

Bu arada, “Vaşinqton Post” Pentaqonun sızan sənədlərinə istinadən məlumat yayıb ki, Çin ordusu səsdən üç dəfə sürətli və yüksək hündürlükdə kəşfiyyat apara bilən pilotsuz uçan aparatların istehsalına hazırlaşır. Məqalədə Çin ordusunun texnoloji uğurlarının xeyli təəccüb və heyrət doğurduğu yazılıb. Çin yeni müasir dronları və raketləri ilə Tayvan ətrafındakı ABŞ hərbi gəmilərini və yaxınlıqdakı hərbi bazalarını hədəfə ala bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password