Laçında gömrük postu: Sülhməramlılara ehtiyac qalmadı…
10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmaının 9-cu bəndində göstərilirdi ki, Azərbaycanla Naxçıvan arasında əlaqə qurulmalıdır. Eyni zamanda Qarabağ ermənilərinin Ermənistanla əlaqəsi olmalı idi. Bunun üçün Azərbaycan tərəfindən yeni yol, yəni köhnə Laçın yoluna alternativ çıxış yolu çəkildi. Amma müharibənin başa çatmasından keçən iki il yarım müddətində Ermənistan üzərinə düşən öhdəliklərin icrası ilə bağlı heç bir addım atmadı.
Bunu politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, erməni tərəfi Zəngəzur adı gəldikdə belə başlarını tutub qaçır:
“Amma burada söhbət yaranacaq kommunikasiya xəttindən gedirdi. Erməni tərəfi gah bunun adını “Ermənistan kəsişməsi” qoydu, gah İranın dediyi ilə oturub durdu. Buna baxmayaraq Azərbaycan tərəfi bu məsələdə Ermənistana növbəti dəfə ən optimal variant təklif etdi. Orta Dəhliz konsepsiyası irəli sürüldü. Yenə də erməni tərəfi bu məsələdən mümkün qədər qaçmağa çalışdı”.
Politoloqa görə, Laçın-Xankəndi yolunun girişində Azərbaycanın öz suveren ərazisində nəzarət-keçid məntəqəsinin ardınca gömrük yoxlanış sistemi yaratması da ölkəmizin fundamental hüququdur:
“Faktiki olaraq Azərbaycan sərhədləri daxilində ancaq öz qanunlarımız işləməlidir. Ermənistanla sərhəddə nəzarət-keçid məntəqəsinin açılmasından sonra orada gömrük əməkdaşları tərəfindən yoxlanış üçün skanerlərin qurulması zəruri idi. Burada Azərbaycan gömrükçüləri tərəfindən müasir standartlara uyğun skanerlərlə yoxlamalar həyata keçiriləcək. Bununla da ölkə ərazisinə silah-sirsat, qaçaqmalçılığın, qanunsuz daşımaların qarşısı alınacaq”.
Cümşüd Nuriyevin fikrincə, Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinin buradakı fəaliyyəti bloklanmış oldu:
“Artıq Azərbaycan Laçın istiqamətində Ermənistanla sərhəddə tam yoxlama gömrük-sərhəd xidmətini formalaşdırdı. Çünki ərazi bizə məxsusdur. Əslində bununla rus sülhməramlılarının da ölkə ərazisində qalmasının hüquqi cəhətdən mövcudluğu da həll edildi. İndiki situasiyadan sonra sülhməramlıların burada qalmasına ehtiyac qalmır. Hüquqi cəhətdən üçtərəfli bəyanata imza atanlardan ikisi, Rusiya və Ermənistan öhdəlikləri icra etmədiyinə görə, sülhməramlıların da burada mövcudluğuna ehtiyac qalmayıb”.