Korotçenko: “İlham Əliyevin irəli sürdüyü beş baza prinsipi əsasında sülh sazişinin imzalanmasını gözləyirik”

 

“Biz Prezident İlham Əliyevin irəli sürdüyü beş baza prinsipi əsasında sülh sazişinin imzalanmasını gözləyirik. Ən başlıcası, Ermənistan hüquqi olaraq Azərbaycanın ərazi bütövlüyün tanıyır və bu ölkənin rəhbərinin imzası həmin qərarın altında olacaq”.

Bu barədə rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçiriləcək üçtərəfli görüşünü şərh edərkən bildirib. Həmin görüşün anonsunu bu yaxınlarda Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova verib və dəqiq tarixini bildirməyib.

Rusiya və Azərbaycanın birgə səyləri ilə Azərbaycan-Ermənistan məsələsinin konstruktiv həllinin tapılacağına ümidvar olduğunu bildirən ekspert qeyd edib:

“Biz çoxlu sözlər eşitmişik: Paşinyan bu gün bir şey deyir, sabah tamamilə başqa söz söyləyir, buz çuxurundakı çiçək kimi əsir və titrəyən qanad kimi gah Parisdən, gah da Vaşinqtondan əsən küləkləri tutur. İndi əsas məsələ sülh sazişinin imzalanması, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində öhdəlik götürdüyü Zəngəzur nəqliyyat dəhlizinin açılması və istifadəyə verilməsi, Ermənistanın 30 illik işğal dövründə minaladığı sahələrin xəritələrinin təqdim edilməsidir. Bütün bunlar yerinə yetirilməli olan baza, təməl şərtlərdir”.

İ.Korotçenkonun sözlərinə görə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurması erməni tərəfinin bu marşrutdan müxtəlif növ silahların, sursatın, minaların qeyri-leqal tədarükü, həmçinin Ermənistan ərazisindən nizami qoşun bölmələrinin Qarabağ ərazisinə göndərməsi məqsədilə istifadə etməsi olub.

Agentliyin həmsöhbəti vurğulayıb:

“Aydındır ki, Azərbaycan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi yük maşınının 2021-ci ildə istehsal olunmuş erməni minalarına düşərək partlaması insidentindən sonra Azərbaycan tərəfinin hərəkətləri məcburi idi və ilk növbədə, təhlükəsizliyin təmin edilməsi səyləri ilə əlaqədardır. Hər hansı yeni “erməni soyqırımı” və ya hansısa gələcək “etnik təmizləmələr” haqqında söylənilən fikirlər təbliğatdan başqa bir şey deyil. Hər kəs çox gözəl bilir ki, Azərbaycan rəhbərliyi Qarabağ ermənilərinə onların Azərbaycanın hüquqi və qanuni məkanına sülh yolu ilə inteqrasiyasının necə təşkil ediləcəyi ilə bağlı dəfələrlə dialoqa başlamağı təklif edib”.

Ekspert əlavə edib ki, sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Qarabağdakı separatçılar daha silah-sursat, hərbi dəstək ala bilməyəcəklər:

“Hesab edirik ki, situasiya yetərincə tez öz müsbət axarına düşəcək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan dinc erməni vətəndaşların hərəkətinin təhlükəsizliyi tam şəkildə təmin olunacaq. Bu səbəbdən onlar nəzarət prosedurlarına əməl etməklə Laçın yolundan heç bir maneə olmadan istifadə edə biləcəklər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password