İlham Əliyev və Mehriban Əliyeva qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.
Türkiyəli idmançıları salamlayan Prezident İlham Əliyev deyib:
-Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan – iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq.
Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz. Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri.
Bildiyiniz kimi, Mehriban xanım və mən sizi məktubla təbrik etdik, Azərbaycana dəvət etdik. Şadam ki, siz bizim dəvətimizi qəbul edib Azərbaycana, öz doğma Vətəninizə gəlmisiniz və sizin bu gəlişiniz bir daha bizim birliyimizi göstərir.
Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları – Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə.
Sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirdiyiniz üçün mən sizi Azərbaycan dövlətinin yüksək nişanı olan “Tərəqqi” medalı ilə təltif edirəm və indi bu medalı sizə təqdim etmək istəyirəm.