Krasnodar doğumlu, həyat yoldaşı erməni… – Qarabağdakı “sülhməramlılar”ın yeni komandanı kimdir?
Görünür, Rusiya rəhbərliyi Qarabağdakı erməni separatçılarının “könlünü almağın” yeni üsulunu tapıb. Belə ki, Kremlin ərazimizdəki öz müvəqqəti hərbi kontingentinə yeni başçı təyin etdiyi general Aleksandr Lentsovun ermənilərlə yaxın qohumluğuna dair məlumatlar üzə çıxıb. Həmin məlumatlara görə, generalın həyat yoldaşı ermənidir. Baxmayaraq ki, bu barədə rəsmi mənbələrdə heç nə qeyd olunmur, sadəcə bildirilir ki, general evlidir və bir oğlu var…
Ümumilikdə “yeni Muradov”un bioqrafiyası “zəngindir”. Belə ki, 1956-cı ildə ermənilərin “bolluq” təşkil etdiyi Krasnodarda doğulub boya-başa çatan Lentsovun hərbçi karyerasının əhəmiyyətli hissəsi Rusiyanın ya birbaşa işğalçılıq, ya da “sülhməramlı” adı altında keçirilən digər işğalçılıq mahiyyətli əməliyyatları ilə bağlı olub. O, hər iki “Çeçenistan müharibəsi” iştirakçısı olmaqla yanaşı, Rusiyanın Yuqoslaviyada keçirdiyi “sülhməramlı” əməliyyatda da iştirak edib. Daha sonra 2008-ci ildəki Gürcüstana qarşı işğalçılıq müharibəsinin və 2014-cü ildən etibarən Ukraynaya qarşı aparılan işğalçılıq savaşının iştirakçısıdır. Məhz buna görə Lentsovun adı Qərbin sanksiya siyahılarında “layiqli yerini” tapıb. 2013-cü ildə Quru Qoşunları komandanının müavini təyin olunan Lentsov bir il sonra general-polkovnik ali hərbi rütbəsi alıb. Yeri gəlmişkən, Lentsov indiyə qədər Qarabağdakı “sülhməramlı” kontingentə rəhbərlik edənlər arasında ən yüksək rütbəyə malik olan zabitdir. Rüstəm Muradov bu rütbəni sonradan Ukraynadakı “qəhrəmanlıqlarına” görə aldı…
Bu general Suriyadakı hərbi kontingentin tərkibində də iştirak edib və 2016-cı ildən etibarən orada yüksək vəzifə tutub. 2020-ci ilə qədər Quru Qoşunları komandanının müavini vəzifəsini daşıyan Lentsov həmin il bu postundan azad edilərək, Müdafiə naziri Sergey Şoyqunun müşaviri təyin olunub. Yeri gəlmişkən, general Lentsov 2016-cı ildə son zamanlar hətta Rusiyanın özündə də lağ-lağı obyektinə çevrilən “Tank biatlonu federasiyas”ına rəhbər təyin olunub.
Göründüyü kimi, Lentsov kimisinin Qarabağdakı kontingentə başçı təyin olunması təsadüfi deyil. Adam Gürcüstan, Ukrayna, Suriya kimi “qaynar nöqtələr”də Kremlə xidmət göstərib. Onun yaxşı danışıqlar aparmaq, vasitəçilik və s. bacarıqları olduğu barədə məlumatlar var.
Ancaq bioqrafiyasından, kim olmasından, hətta ermənilərlə çox yaxın qohumluğundan asılı olmayaraq, yəqin bu general da yaxşı başa düşür ki, onun rəhbərlik etdiyi kontingent Azərbaycanın suveren ərazisində, özü də müvəqqəti yerləşir…