Rusiya ilə İranın barıtlı kəməri: Region qaynayır

 

Nüfuzlu “Wall Street Journal” nəşri İranın Rusiyanı silah-sursatla, kamikadze dronlarla təchiz etdiyini göstərən bəzi rəqəmləri açıqlayıb.

Bəlli olub ki, İran son altı ay ərzində yük gəmiləri ilə Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb.

İran Rusiyanın Ukraynada apardığı hərbi kampaniyanı dəstəkləmək üçün yük təyyarələri və Xəzər dənizi vasitəsilə silahlar daşıyır.

Yük təyyarələri ilə həyata keçirilən silah ixracına müdaxilə etmək çətindir, ancaq Xəzər dənizində daşımaların qarşısını almaq mümkün görünür. Buna görə Xəzər dənizini bölüşən, həmsərhəd olan dövlətlərin köməyinə ehtiyac var.

Elə, ya da belə İrandan Rusiyaya artan silah axını uzunmüddətli perspektiv üçün regionda gərginliyin artmasını şərtləndirir.

Çünki bu silah trafikinin bir qarşılığı var, indi İran da Rusiyadan “Su-35” qırıcı təyyarələrini almağa hazırlaşır. Bu, Rusiyanın Ukraynadakı, İranın isə regiondakı kampaniyalarını qarşılıqlı şəkildə şirnikləndirən silsilədir.

Rusiyanın İrandan istəyə biləcəyi əsas yardım elə silah daşımalarını artırmaqdır, ancaq Tehranın Moskvadan diləyə biləcəyi başqa şeylər də var.

Birincisi, İran Cənubi Qafqazda Azərbaycanın və Türkiyənin ziddinə olan platformalarda həlledici paya sahiblənmək istəyir ki, bu iş də Kremlin yardımı ilə mümkündür.

Ancaq ortada incə bir xətt var, Rusiya İranla hər nə qədər yaxınlaşsa da, Tehranın regiondakı hərbi-siyasi ritorikasını sərtləşdirməsi kampaniyasının dəstəkçisi deyil. Çünki bu iki ölkə bir-birilə müharibələr aparan imperiyaların tarixi varisləridir və rəqabət indinin özündə də davam etməkdədir.

İkincisi, İran nüvə silahı əldə etmək məqsədinə yaxınlaşmaqda Rusiyadan dəstək axtarır, ancaq Moskva bu məsələdə də Tehranın maraqlarına oynamaqdansa, İsrailin və Qərbin seçimini gizlicə üstün tutur.

Üçüncüsü, İran Yaxın Şərq regionunda, xüsusilə də Suriyada Türkiyəni, İsraili sıxışdırmaqdan ötrü əlləşir (ABŞ məsələsi bir qədər fərqlidir) və maraqlarını Rusiya ilə koordinasiya etməyə çalışır. Ancaq Rusiya Türkiyə və İsraillə münasibətlərin ruhunu nəzərə alaraq Tehrana güzəştə getməkdən yayınır.

Buradan belə məntiq doğur ki, Rusiya ilə İran arasındakı silah alış-verişi Tehran üçün çoxməqsədli, Moskva üçün isə hərbi təyinatlı məsələdir.

Ancaq hərbi-texniki sahədəki əməkdaşlıq perspektivdə Moskva-Tehran təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsini və regionda birlikdə hərəkət etmək üçün baza formalaşdırmağı stimullaşdıra bilər.

Yəqin ki, indi İran və Rusiya silahlar kəməri ilə Yaxın Şərqdəki ümumi güc balansını kəskin şəkildə dəyişmək və ən əsası da ortaq rəqib ABŞ-ni regionda dar nöqtəyə itələmək istəyir.

Bu mürəkkəb məsələdir, amma Çinin Yaxın Şərqdə ABŞ-nin buraxdığı strateji boşluqlara sızması Rusiya-İran xətti üçün dəstəkləyici mexanizm ola bilər. Son vaxtlar Rusiya-İran-Çin oxundakı aktivliyin artması ortaq maraqlarla Yaxın Şərqdə “at oynatmaq” planının prioritet olduğunu göstərir.

Moskva-Pekin-Tehran üçlüyü Yaxın Şərq platformasında komponentləri tərsinə çevirə bilsə, bunun uzantılarını Cənubi Qafqaza da daşımağa çalışacaq.

Hərçənd, Yaxın Şərqdə kütləvi şəkildə strateji planları alt-üst etmək qəlizdir, yəqin ki, Ukraynadakı müharibənin nəticələri prosesləri daha aydın şəkildə nümayiş etdirəcək.

Hər halda, ABŞ-nin Yaxın Şərq üzrə siyasətində risklər mövcuddur və bunun qarşısını almaqdan ötrü Vaşinqton müttəfiqi İsraili dəstəkləməklə yanaşı, Türkiyə ilə əlaqələrini yenidən nəzərdən keçirməlidir.

Nəticə olaraq, Rusiya-İran kəmərindəki barıtlar regiondakı kövrək təhlükəsizlik ruhunu daha da dalğalandırır.

Hərçənd, Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı yaxınlaşıb, lakin bu, regionda uzunmüddətli sabitliyi poza bilən amilləri həll edə bilmir. Çünki İran potensial nüvə silahına can atır, üstəgəl o, Rusiyadan yeni silahlar alsa, bu, Tehranın İsraillə münaqişə dinamikasını daha da gərginləşdirəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password