“Bolqarıstanda Azərbaycanın gücü bir daha dünyaya bəyan edildi”
“Bolqarıstanda Azərbaycanın gücü bir daha dünyaya bəyan edildi”.
Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
“Prezident İlham Əliyev demək olar hər həftə dünyanın nüfuzlu ölkələrinə səfərlər edir. Bu səfərlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir. Ölkəmizin iqtisadi imkanları Qərbin enerji təhlükəsizliyinə danılmaz töhfələr bəxş edir. Cənab Prezidentin Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasından sonra çıxışlarında Azərbaycanın dünya enerji siyasətindəki yüksək mövqeləri haqqında söylədiklərinin xüsusi əhəmiyyəti var”, – T.İsmayılov deyib.
O, vurğulayıb ki, Azərbaycan 27 ildən çoxdur Avropanın etibarlı xam neft tədarükçüsüdür:
“Bu illər ərzində ölkəmiz əldə edilən razılaşmaların yerinə yetirilməsinə tam əməl edib. Nəticədə ölkəmiz alternativ enerji məhsullarında da öz potensialı ilə böyük perspektivlər vəd edir. Prezident Bolqarıstanda Azərbaycanın bərpaolunan enerji məsələləri ilə bağlı da gücünü göstərdi. Qeyd etdi ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsi – uğurla tamamlanmasından sonra biz Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Qərb hazırda Azərbaycanın “yaşıl enerji” potensialına xüsusi önəm verir.
Ekspert deyib ki, dünya siyasətinin vacib siyasi liderləri açıq formada Prezident İlham Əliyevə olan rəğbətlərini bildirirlər:
“Dəfələrlə Avropa liderləri İlham Əliyevin siyasi xəttinə heyranlığını bəyan ediblər. Həm Bolqarıstan Prezidenti, həm Aİ komissarı, həm də digər iştirakçılar Azərbaycanın etibarlı enerji tərəfdaşı olduqlarını bildirdilər. Bununla yanaşı, bizim siyasi mövqelərimiz daha da möhkəmlənir”.
O bildirib ki, Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında qızıl nöqtəni təmsil edir:
“Qərbin enerji böhranları baş verməyə davam edir, belə həssas dövrdə Azərbaycan Avropa üçün daha mühüm situasiyaya malikdir. SOCAR ilə Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın “FGSZ” və Slovakiyanın “Eustream” şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması dünya əhəmiyyətli layihədir. Bu layihənin qlobal kontenstdə töhfələri də danılmazdır. Əldə edilən iqtisadi dividentlər davam edəcək və hər ölkəyə kömək edəcək”.
“Həmrəylik həlqəsinin icrası, Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələri yeni mərhələyə daşımaqla yanaşı, Azərbaycan – Balkan ölkələri münasibətlərində də yeni səhifə açmaqdadır. Azərbaycan postpandemiya dövründə Orta Asiyadan Ərəb coğrafiyasına, Qərbdən Şərqə doğru ən vacib tərəfdaşdır”, – ekspert vurğulayıb.