İranın 17 kilometrliyində İsrail səfirliyi açılır və mollalar susur – Noldu, Tehran?

 

Mərkəz rəhbəri: “Hələ hər şey qabaqdadır və hələ hər şey mümkündür”

Bəlkə də, heç kimə sirr deyil ki, bu gün İranın mollakratik rejimi üçün əsas xarici qıcıqlandırıcı amil İsraildir. Tehran Təl-Əvivə qarşı mənfi münasibətini təkcə birbaşa deyil, dolayısı ilə də göstərir. Söhbət Tehranın öz siyasi iradəsini başqa ölkələrə sırımaq cəhdlərindən, İsraillə münasibətlərin qurulmasına mane olmaq niyyətindən gedir.

Əvvəla, bu, təbii ki, ötən müddət ərzində dəfələrlə İranın mentorluğuna, bəlkə də, qəbuledilməz tonu ilə qarşılaşan Azərbaycana aiddir. Baxın, cənub qonşumuz Azərbaycan-İsrail əlaqələrinin hər gün möhkəmlənməsindən, hərbi-siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsindən narazıdır.

Bu il martın sonunda Azərbaycan uzun illərdən sonra nəhayət ki, İsraildə səfirliyini açdı. Bu da İran hökumətində və ruhani dairələrində əsl isterikaya səbəb oldu.

Həm səfirliyin açılışı ərəfəsində, həm də bu hadisədən sonra İran dairələri Azərbaycana qarşı döyüşkən ritorikaya və təxribatlara (Tehrandakı səfirliyə hücum, deputat Fazil Mustafanın həyatına sui-qəsd) əl atıb.

Lakin İranın aqressivliyinə və kinliliyinə baxmayaraq, Azərbaycan xarici əlaqələrini heç kimə, xüsusən də İrana xoş gəlmək üçün qurmaq fikrində deyildi və Bakı ilə Təl-Əviv arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Ötən həftə də İsrail mövzusu ilə bağlı, lakin bu dəfə Azərbaycan faktoru olmayan bir hadisə baş verdi. İsrailin xarici işlər naziri Eli Koen Türkmənistanın paytaxtında ölkəsinin daimi səfirliyini açaraq, ölkəsinin İrana ən yaxın diplomatik varlığını yaradıb.

“Mən İranla sərhəddən 17 kilometr aralıda İsrail səfirliyini açmağa gəldim və Prezident və digər rəsmilərlə bir sıra görüşlər keçirdim”, – deyə Koen yazıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşündən sonra videomüraciətində Kohen səfərini “tarixi” adlandırıb və İsrailin Mərkəzi Asiyanın “enerji super gücü” ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını deyib.

Belə ki, İran mollaları Azərbaycanla İsrailin yaxın münasibətlərinə görə isterik hayqırtı qoparıb, gücsüz qəzəb qusduğu halda, “düşmən” digər tərəfdən “gözə görünmədən” peyda oldu.

Lakin təəccüblüdür ki, Tehran istər İsrailin Türkmənistanda səfirliyinin açılmasından əvvəl, istərsə də sonra heç bir mənfilik nümayiş etdirmədən (ən azı indiyə qədər) susur. Bir daha deyirəm ki, Azərbaycanla bağlı tamam başqa mənzərə var idi.

Baş verənləri şərh edən politoloq, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov deyib ki, ilk növbədə, İranın susması Azərbaycan və Türkmənistanın İsraillə əməkdaşlıq səviyyəsinə görə fərqlənən ölkələr olması ilə bağlıdır: “Türkmənistan Azərbaycandan fərqli olaraq İsraillə hərbi-texniki sahədə əməkdaşlıq etmir və bu ölkəyə enerji resursları tədarükçüsü deyil. Yəni bu məsələdə ölkələrimiz arasında ciddi fərq var. Bununla belə, hər şey hələ qabaqdadır və hər şey mümkündür”.

“İranın Azərbaycana və onun Cənubi Qafqazdakı regional siyasətinə münasibətdə gərginliyin dərəcəsini yüksəltmək üçün əsas səbəbi İsrail kontekstidir. Ancaq İran nə edirsə etsin, əksər hallarda bu hərəkətlər əsassızdır. Bundan əlavə, Tehran hələ də İrəvan vasitəsilə Bakıya təsir etməyə çalışır”, – deyə həmsöhbətimz bildirib.

Məmmədovun sözlərinə görə, əvvəllər bu istiqamətdə Ermənistana Azərbaycana qarşı təcavüzkar dövlət kimi dəstək verilirdisə, indiki mərhələdə, müharibədən sonrakı dövrdə yardım İrəvanı sülh müqaviləsi imzalamamağa sövq etməkdə və bütün mümkün vasitələrlə Qarabağ ermənilərinin  müqavimətini artırmaqda özünü göstərir: “İranın Cənubi Qafqazda resursları məhduddur və ona görə də onun qısa və ortamüddətli perspektivdə uğur qazanacağı”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password