Ərdoğana dəstəyin sirri nədir – Almaniyada yaşayan türk seçiciləri arasında sorğu keçirilib
Türkiyədə mayın 14-də keçiriləcək seçkiləri diqqət mərkəzində saxlayan alman mətbuatı bu dəfə Almaniyada yaşayan türk seçiciləri arasında sorğu keçirib.
Almaniyadakı türk seçicilərin böyük əksəriyyətinin Ərdoğanı dəstəklədiyini yazan ölkənin ən böyük yayım şirkəti “Deutsche Welle” “Ərdoğanın Almaniyada populyarlığının arxasında nə dayanır?” başlıqlı araşdırma aparıb.
Ərdoğanın Almaniyada mütləq qalib gələcəyini yazan nəşr məhz onun liderliyi altında Türkiyənin səhiyyə, nəqliyyat və müdafiə kimi müxtəlif sahələrdə misilsiz inkişafa malik olduğunu vurğulayıb: “Seçicilərin dəstəyində ən mühüm məqam Türkiyənin heyranedici inkişafıdır”.
Kölndə yaşayan və sorğuda iştirak edən türk deyib: “Buraya gələndə Almaniyaya heyran olmuşduq. Səlahiyyətlilər, xəstəxanalar, magistral yollar həqiqətən möhtəşəm idi. Türkiyədə belə bir şey görə bilmədiyimiz üçün həmişə kədərlənirdik. İndi isə xəstəxanalarımızın, magistral yollarımızın dünya standartlarına uyğun olduğunu görürük”.
Məqalədə seçicilərin AK Partiyaya marağının artdığı da qeyd edilib, Ərdoğanın dövründə xaricdə yaşayan türklərin konsulluq xidmətlərinin və hüquqlarının əhəmiyyətli dərəcədə yaxşılaşdığı vurğulanıb. Nəşr yazır ki, Türkiyənin Almaniyada yaşayan türklərə səsvermə hüququ verməsi seçkilərdə mühüm faktordur.
“Frankfurter Rundschau” nəşri isə Almaniyadakı türklərin Ərdoğana sədaqətindən bəhs edib: “1,5 milyon seçicinin yaşadığı Almaniyada Ərdoğana veriləcək səs nisbəti yüzdə 70-ə çata bilər. Türk seçiciləri Ərdoğana sadiqdir. Türkiyə Ərdoğanın dövründə çox güclü xarici siyasətə malik, dünyaya böyük təsiri olan bir ölkəyə çevrilib. Daxildə və xaricdə bir çox seçici Ərdoğanı Türkiyənin qoruyucusu olaraq görür”./musavat.com