Sərhəddə keçid məntəqəsi quruldu, ermənilər gözləyir – Video
Xəbər verildiyi kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub və bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Sərhəd-keçid məntəqəsi qurulduqdan sonra ermənilər sərhədimizin girişindən video paylaşıblar. Paylaşımda sərhədçilərimizin yolda keçid məntəqəsi aydın görünür.
Azərbaycan ordusu separatçıların Ermənistan ərazisindən qanunsuz hərbi daşınmalar üçün istifadə etdikləri Həkəri çayı üzərindəki körpünü bağlayıb.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Azərbaycan Laçın dəhlizində Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında (müvəqqəti) yerləşən, Ermənistanla sərhəddəki Həkəri körpüsünü bağlayıb”, – məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi ermənilərin sözügedən istiqamətdən ərzilərimizə (Qarabağın dağlıq hissəsinə) silah-sursat daşımaları haqda məlumat yaymışdı.