“Bakı gözləniləni etdi, inqilabi addım atıldı…” – Diqqətçəkən Xankəndi detalı
“İndi bölgəyə sülhün gəlməsinin perspektivləri daha aydın görünür. Bundan sonra sərhədlərin tam delimitasiyası, kommunikasiyaların açılması, xalqlar arasında qarşılıqlı etimadın yaradılması, sülh müqaviləsinin imzalanması və kənar dövlətlərin iblisvari müdaxilələrinin qarşısının alınması prosesləri də baş tutacaq”.
Laçın-Xankəndi yolunun başlanğıcında (Ermənistanla sərhəddə) sərhəd-buraxılış məntəqəmizin qurulmasını şərh edən politoloq Qabil Hüseynli belə deyib.
Ekspertin fikrincə, bununla Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün mühüm addım atılıb:
“Bunu inqilabi addım, dərin keyfiyyət dəyişikliyi kimi qiymətləndirirəm. Çünki uzun müddətdir, bu addımın atılması üçün sözün həqiqi mənasında Rusiya ilə polemikaydaydıq, həm mübarizə aparırdıq, həm də mövqeyimizi sübut etməyə çalışırdıq. Demək ki, həm sübut etdik, həm də haqlı mövqeyimizdə dayanaraq inandıra bildik. Kifayət qədər cəsarətli və cəsur addımdır. Bu, bütün ərazilərimizdə (Xankəndi, Ağdərə, Xocalı, Xocavənd) suverenliyimizin bərpası üçün qoyulan nöqtədir. Azərbaycan bununla bütün ərazilərində suverenliyinin təsdiqi üçün dönüş addımını atdı.
Azərbaycan bununla sübut etdi ki, siyasi iradə hər şeyə qadirdir, hər şeyi məğlub edə bilər. Üstəgəl, Azərbaycanın siyasi iradəsi qarşısında kimlərsə duruş gətirə bilməz.
Zənnimcə, bu, dönüş nöqtəsi olmaqla həm də sınma bucağıdır. İşıq şüalarının bir-biri ilə qarışmasında bir sınma nöqtəsi olur. Bu sınma nötqəsindən sonra işığın təbiəti dəyişməyə və “rənglərin qamması” adlanan bir keyfiyyət mərhələsi başlayır. Bu baxımdan, biz qan tökmədən, peşəkarcasına, ehtiyatla irəlilədik. Peşəkarlıqla sərhədlərin müəyyən hissələrində delimitasiya prosesini apardıq və bu xətlə Laçın yolunun Ermənistan sərhədinə birləşən hissəsinə çıxdıq.
Rusiya bu müddət ərzində müəyyən addımlar atmağa çalışdı. Buna “alternativ addımlar” da deyə bilərik. Amma bu addımlar sonadək davam edə bilmədi. Azərbaycanın addımları hər şeyi həll etdi, bütün problemlərin sonunu gətirdi. Zənnimcə, bundan sonrakı proseslər də bu cür gedəcək. Yəni biz qanlı döyüşlərə və hərbi əməliyyatlara əl atmadan, amma çox peşəkar addımlarla yerdə qalan problemləri də çözəcəyik”.
Qabil Hüseynli qeyd edib ki, Azərbaycan qalan problemləri tam həll etdikdən sonra Ermənistanla sülh müqaviləsi məsələsini də çözə biləcək:
“İndi bölgəyə sülhün gəlməsinin perspektivləri daha aydın görünür. Bundan sonra sərhədlərin tam delimitasiyası, kommunikasiyaların açılması, xalqlar arasında qarşılıqlı etimadın yaradılması, sülh müqaviləsinin imzalanması və kənar dövlətlərin iblisvari müdaxilələrinin qarşısının alınması prosesləri də baş tutacaq. Proseslər qanunauyğun olaraq öz hədəfinə doğru irəliləyəcək”.