Qarabağ dialoqu ətrafında fikir ayrılığı: vəziyyət çıxılmazdır?

 

Gela vasadze:“Bakı yaxşı bilir kibelə bir status verilsə, bu, yenidən müstəqillik və ya Ermənistana birləşmə tələbləri üçün əsas olacaq

Rasim Musabəyov: “… Başqa cür ölkələrimiz arasında heç bir sülh olmayacaq

Ötən çərşənbə axşamı Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson arasında keçirilən görüşdə digərləri ilə yanaşı, Bakı ilə Qarabağ arasında beynəlxalq dialoq mexanizminin yaradılması məsələsi də müzakirə olunub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan, həmçinin ABŞ-ın regionda sabitlik və sülhün bərqərar olması, Ermənistanda demokratiya və islahatlara dəstək səylərinin vacibliyini vurğulayıb.

Yəni, tərəflər elə bir mövzuya toxundular ki, Azərbaycan rəhbərliyi onun mümkünlüyünü tamamilə rədd edir. Burada söhbət, təbii ki, Bakı ilə Qarabağ erməniləri arasında beynəlxalq dialoq mexanizminin yaradılmasından gedir.

Bildiyimiz kimi, Azərbaycan rəhbərliyi təkid edir ki, bu ünsiyyət yalnız ölkəmizin daxilində – istər Qərbin, istər Ermənistanın, istərsə də Rusiyanın heç bir xarici nümayəndələrinin iştirakı olmadan həyata keçirilə bilər. Düzdür, belə görüşlərin son raundları Rusiya sülhməramlılarının Xocalıdakı bazasında və bilavasitə onların iştirakı ilə keçirilirdi. İndi tərəflər arasında bu ünsiyyətdə fasilə yaranıb, ya da Bakı ilə Qarabağ erməniləri arasında öz məqsədləri ilə bağlı fikir ayrılıqlarından sonra (Azərbaycan reinteqrasiyadan danışır, ermənilər yalnız texniki və humanitar problemlərin həllindən danışır) dalana dirənib.

Düşünmək olarmı ki, ABŞ Bakı ilə Qarabağ separatçıları arasında beynəlxalq ünsiyyət mexanizmi yaratmağı qarşısına məqsəd qoyub? Belə bir formatın faydası ola bilərmi? Bəs Azərbaycan rəhbərliyi niyə indiyədək bunun kəskin əleyhinə olub?

Bundan əlavə, parlamentdə çıxış edən Paşinyan ölkəsinin ErSSR və AzSSR xəritəsi əsasında hər iki ölkənin ərazi bütövlüyünü tanıyan sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Sonra o əlavə edib: “Lakin burada ən çətin məsələ artıq başlayır – Dağlıq Qarabağ”.

Yenə də köhnə hamam, köhnə tas? Onun ağzından çıxan bu fikir nə anlamına gəlir? Yəni, o, Qarabağı Azərbaycanın bir hissəsi kimi, ancaq muxtariyyət statusu ilə tanımağa hazırdır? Yoxsa Bakının buna razı olmayacağını bilə-bilə sülh sazişinin imzalanmasını bu cür gecikdirir?

 Mövzunu ekspertlər müzakirə edib.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

“Gəlin İrəvan və Bakının bu məsələdə motivasiyasını anlamağa çalışaq. İrəvanın mövqeyi belədir – 30 illik qanlı müharibədən və iki xalq arasında hədsiz dərəcədə nifrətdən sonra yurisdiksiyanın və müvafiq olaraq Qarabağda yaşayan ermənilərin taleyi üçün məsuliyyətin müstəsna olaraq azərbaycanlılara verilməsi son dərəcə təhlükəlidir. Ona görə də Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmlərə ehtiyac var. Odur ki, Ermənistan bütün dünya ermənilərinə cavabdeh olan bir ölkə kimi kənarda dayana bilməz.

Ukraynada müharibə başlamazdan əvvəl Ermənistan tərəfi orada rus hərbçilərinin olması ilə bağlı mövcud status-kvodan kifayət qədər razı idi. Lakin indi Rusiyanın Cənubi Qafqazdan getməsi ehtimalının, yumşaq desək, sıfırdan çox uzaqda olduğu, Azərbaycanın isə Moskvaya təsir etmək üçün getdikcə daha çox resursunun olduğu bir vaxtda Ermənistan tərəfi ilk növbədə Qərb tərəfdaşlarının dəstəyini almağa çalışır. İlk növbədə söhbət ABŞ və Fransadan gedir ki, onlarla RSK-nı əvəz etməyə çalışırlar. Bunun ilk addımı danışıqlarda beynəlxalq güclərin iştirakıdır.

Bakının da mövqeyi ortadadır. Uzun illərdir ki, Qarabağ məsələsi Azərbaycanın əsas sistem problemi olub. Qarabağın öz yurisdiksiyasına qaytarılması istiqamətində aparılan sistemli siyasət nəticəsində Azərbaycan bu istiqamətdə ciddi irəliləyişlərə nail olub. Üstəlik, danışıqlar yolu ilə deyil, hərbi yolla, yəni insan həyatı bahasına irəliləyiş əldə edilib.

İndi Azərbaycanın bu prosesi başa çatdırmaq, əslində isə otuz ildən artıq davam edən müharibədə qalib gəlmək üçün bütün imkanları var. Üstəlik, resurslar həm hərbi, həm diplomatik, həm də iqtisadidir. Bu şəraitdə öz suverenliyinin bir hissəsini üçüncü tərəfə vermək (ölkə daxilində vəziyyətin kiminsə tərəfindən tənzimlənməsi suverenlikdən əl çəkməkdir) məntiqə uyğun deyil və Azərbaycan əhalisi tərəfindən düzgün başa düşülməyəcək.

Muxtariyyət statusuna gəlincə, Bakı yaxşı bilir ki, belə bir status verilsə, Azərbaycanda elə ilk sistem böhranında (və heç kim bundan sığortalanmayıb) bu status yenidən müstəqillik və ya Ermənistana birləşmə (miatsum) tələbləri üçün əsas olacaq. Azərbaycan hakimiyyətinin status vermə ehtimalı nə qədərdir? Düşünürəm ki, cavab aydındır – verilən şərtlərdə belə bir ehtimal sıfıra yaxındır.

Bu, o deməkdirmi ki, vəziyyət dalana dirənib? Xeyr, elə deyil. Azərbaycan üçüncü qüvvələrin müdaxiləsi olmadan, ölkənin Konstitusiyası və digər qanunları əsasında Qarabağdakı erməni əhalisinin hüquqlarının təminatlarını dəqiqləşdirə bilər. Burada etiraz edə bilərsiniz ki, tərəflər bir-birinə qətiyyən etibar etmirlərsə, orada hansı birtərəfli təminatlardan danımaq olar?

Ancaq bu sualın iki cavabı var: Birinci cavab – “yox, mümkün deyil və bu, müharibənin davam etməsi deməkdir”. İkinci cavab ondan ibarətdir ki, “tərəflər arasında etimadsızlığın dərəcəsini tədricən, addım-addım azaltmaq lazımdır”. Bu işdə əsas başlanğıc nöqtəsi sülh müqaviləsinin bağlanması ola bilər.

Aydındır ki, yuxarıda təsvir edilən hər şey nəzəri konstruksiyadır, praktikada hər şey daha çətin və daha kədərlidir. Amma mən başqa bir variant görmürəm. Problem ondadır ki, təbii ki, qarşıdurma hər iki tərəf üçün risklə əlaqələndirilir – daha çox Ermənistan üçün, lakin status-kvonun uzun müddətə sabitləşməsi ilk növbədə Azərbaycan üçün – baxmayaraq ki, Ermənistan üçün də artıq böyük risklərlə bağlıdır. Nəticədə bu gün gördüyümüz mənzərəni yaşayırıq”.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq, Rasim Musabəyov:

“Bakı Qarabağ ermənilərinin nümayəndələri ilə danışıqlar üçün heç bir beynəlxalq mexanizmə icazə vermir. Biz bu danışıqları şəffaf aparmağa hazırıq. Onlar haqqında beynəlxalq ictimaiyyəti məlumatlandıra bilərik, başqa heç nə.

İrəvan hər kəslə və hər şey haqqında danışa bilər. Bu məsələdə Azərbaycanın fikri həlledicidir. Paşinyanın 1991-ci ilin sonunda ərazi bütövlüyünün beynəlxalq hüquq əsasında və sərhədlər daxilində qarşılıqlı tanınmasına hazır olması ilə bağlı parlamentdə söylədiyi sözlərə gəlincə, o, həmişə olduğu kimi hiyləgərlik edir, çünki o, yenidən qondarma Dağlıq Qarabağ məsələsini şişirtməyə başlayır.

Paşinyana sözdə yox, kağız üzərində, imzaladığı sülh müqaviləsi ilə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi lazımdır. O zaman bizim ərazimizdəki qanunsuz separatçı xunta və qeyri-qanuni silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmağa hazır olmalıdır.

İrəvanın ərazimizə qeyri-qanuni müdaxiləsinin başqa elementləri də var ki, onların qarşısı alınmalıdır. Bakı Paşinyan və hökumətinə nəhayət sözdən əmələ keçmək üçün təzyiqlərini davam etdirir. Başqa yolla ölkələrimiz arasında heç bir sülh olmayacaq”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password