Avropanın yeni ümidi Türkiyə oldu – Qərb mediası Qara dəniz qazının perspektivlərini dəyərləndirib
Ötən gün Qara dəniz qazının istismara verilmə mərasimi və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın açıqladığı şad xəbərlər Qərb dünyasında da gündəm olub.
Qaz böhranı səbəbindən çətin günlər yaşayan Avropa ölkələri Türkiyənin Qara dənizdəki kəşfinin Rusiyadan asılılığı azaldacağına ümid edirlər. Qərb mediasında da Türkiyənin yeni uğuru böyük maraqla qarşılanıb.
“AFP” xəbər agentliyi Qara dənizdəki yeni kəşfin enerji sahəsində xarici asılılıqdan qurtulmağın bir yolu olduğuna diqqət çəkib və bununla bağlı ekspert rəyləri verib. “AFP”-yə danışan ekspertlər Qara Dəniz qaz yatağının Türkiyə iqtisadiyyatını gücləndirəcəyini bildiriblər.
Çinin “Xinhua” xəbər agentliyi Qara dənizdəki kəşfi “Türkiyənin ən mühüm layihəsi” kimi qiymətləndirib.
ABŞ-ın “Marketplace” media orqanı yeni kəşfin Türkiyədə qaz ödənişlərini azaldacağını və Türkiyəni daha dayanıqlı edəcəyini yazıb.
Almaniyanın “Handelsblatt” nəşri Almaniyanın gələcəkdə Türkiyədən qaz ala biləcəyini yazıb:”Qarşıdakı qış aylarında qaz qıtlığına göz yummaq olmaz. Rusiya Ukraynanı işğal etdikdən sonra Avropa Birliyinə nəql olunan qaz boru kəmərini bağlayıb. Almaniya gələcəkdə Rusiya əvəzinə Türkiyədən qaz ala bilər”.
ABŞ-ın ən tanınmış nəşrlərindən olan “Bloomberg” də Türkiyənin təbii qazın bir hissəsini Avropaya ixrac edə biləcəyini yazıb.
Britaniyanın “Middleeasteye” xəbər saytı, Türkiyənin enerji müstəqilliyini artırdığını, bu kəşfin illik daxili ehtiyacın təxminən dörddə birini ödəyəcəyini bildirib.
Yunanıstanın “İeidiseis” nəşri Qara dəniz qazının ölkə büdcəsinə əlavə gəlir gətirəcəyini, bunun “Türkiyə üçün bir dönüş nöqtəsi” olduğunu yazıb./AzPolitika.az/