“Yemin və xammalın bahalaşması ət və süd məhsullarının maya dəyərinə təsir edir”
Bölgələrdə ağartı məhsullarının qiymətinin bahalaşması ilə bağlı məlumatlar var. Son bir neçə ay ərzində ölkədə istehsal, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunurdu. Bunu heyvan yemlərinin baha olması ilə də əlaqələndirirlər. Ağartı məhsulları üzərində müşahidə olunan qiymət artımı insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Bəs görəsən, ağartı məhsullarının bahalaşmasının əsas səbəbi nədir? Artma tendensiyası nə ilə əlaqədardır?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, yem məhsullarının qiymətinin bahalaşması, öz növbəsində, ağartı məhsullarından da yan keçməyib:
“Ağartı məhsulları ilə yanaşı ət və ət məhsullarının da qiyməti bahalaşıb. Bunun bir neçə səbəbi var. Əsas səbəb yemin bahalaşmasıdır. Yem komponentləri ölkəyə, demək olar ki, idxal edilir. Ölkədə yerli otlaq sahələrindən istifadə imkanı məhduddur. Çünki ölkənin potensialı aşağı, otlaq sahələrinin sayı azdır. Bununla yanaşı əkinçilik genişləndikcə mal-qaranın otladığı yerdə də taxıl əkirlər. Buna görə də qiymətlər aşağı düşmür”.
Ekspert qeyd edib ki, ölkəyə idxal edilən ağartı məhsullarının qiyməti də bahalaşıb:
“Eyni səbəblər xaricdə də aktualdır. Fərqli yemləmə prosedurları var. Fərqli xərc strukturları olsa da, nəticə eynidir. Mal-qaranın saxlanması bahalaşdığına görə, məhsulların qiymətini sahibkarlar qaldırmaq məcburiyyətindədirlər. Sahibkar məhsulunu satmağa çalışır. Yemin qiymətinin baha olması ötən ildən müşahidə olunur. Ağartı məhsullarının bahalaşması normaldır. Xərc artdığı üçün qiyməti qaldırıblar. Qiyməti qaldırmasalar, işi dayandırmalıdırlar”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov isə qeyd edib ki, yemin və xammalın bahalaşması ət və süd məhsullarının maya dəyərinə təsir edir:
“Ət və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Mal və qoyun ətinin bir kiloqramının 1-1,5 manatadək bahalaşıb. Eləcə də süd və süd məhsulları 20 faizə yaxın artıb. Qiymət artımının səbəbini isə bu il ölkədə yem qıtlığı və bunun nəticəsində heyvanlara çəkilən xərcin bahalaşması ilə izah edilir. Azərbaycanlı fermerlər kənd təsərrüfatı məhsulları istehsalında zəruri olan yem və digər komponentlərinin bir qismini xaricdən idxal edirlər. Qlobal miqyasda həmin komponentlərin bahalaşması hiss olunur, daşınma və logistika xərclərinin artması bu sahədə qiymət artımına səbəb olub.
Heyvandarlıqda istifadə edilən yemin qiyməti dünyada çox yüksəkdir və artmaqda da davam edir. Fermerlər heyvanlar üçün istifadə edilən buğda və arpanın bir qismini yerli tələbat hesabına, digər hissəsini isə idxal hesabına ödəyirlər. Bu isə ətin maya dəyərinin artmasına səbəb olub”.
Millət vəkili əlavə edib ki, ət idxalının artmasında turizm sektorunun canlanmasının xüsusi rolu var:
“Əksər hotel və restoranlarda turist axının artması ilə əlaqədar ət məhsullarına da tələb artır. 2023-cü ilin yanvar ayında Azərbaycana 119 mindən çox turist gəlib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,6 dəfə çoxdur. Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin genişlənməsi daxili istehlakı da yüksəltdiyindən bir sıra idxal mallarının, o cümlədən ət və ət məhsullarında idxalın yüksəlməsi gözləniləndir”.
A.Hüseynov bildirib ki, xaricdən Azərbaycana gətirilən xammal və yem komponentləri gömrük rüsumlarından və əlavə dəyər vergisindən (ƏDV) azad olunub:
“Bu isə ölkədə fəaliyyət göstərən istehsal və emal sənayesi müəssisələrinin müasir texnologiyalara və yüksək əmək məhsuldarlığına malik olduğunu nəzərə alsaq, onların fəaliyyətini gücləndirməklə, tələb olunan əsas qida mallarının istehsalını yüksəltməyə imkan verəcək. İqtisadi stimullar, optimallaşma tədbirləri və vergi güzəştləri yerli istehsalın məsrəflərinin azalmasına səbəb olmaqla özünü məhsulların maya dəyərinin aşağı düşməsində göstərə bilər”./oxu.az