Azərbaycanın müşahidə peykinə nə olub? – “Ağıla Fransa və İran gəlir…”

 

Bu gün “Azərkosmos” açıqlama yayaraq bildirib ki, Azərbaycanın “Azersky” – Yerin məsafədən müşahidə peyki fəaliyyətini vaxtından tez bitirib. Qurumun açıqlamasına görə peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın “Airbus Defence and Space” ilə birgə çalışsalar da “Azərsky” ilə rabitə qurmaq mümkün olmayıb. 2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına bir il qalmışdı.

“Azərkosmos” bildirib ki, sığorta şirkətindən 45 milyon manat sığorta haqqı alınacaq.

Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz bildirir ki, “Azersky”in istismar müddətinin başa çatmasına 1 il qalsa da gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq.

Ekspert vurğulayır ki, baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir: “Azersky” yerin müşahidəsi baxımından, həmçinin açıq desək kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı. Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir. Təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon dollar xeyir verə bilərdi. “Azərkosmos” bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Onun istismarı ətrafında Azərbaycanda nəhəg bir infrastruktur formalaşmışdı:

O.Gündüz xatırladır ki, “Azərkosmos” ehtimal olaraq müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb: “Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub. Yeri gəlmişkən, “Azərkosmos”un kömək üçün müraciət etdiyi ABŞ-ın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb”.

Ekspert hesab edir ki, mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı: “Xüsusən də nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir. Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçıqmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub. Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur. Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “Azersky” peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi. Fikrimcə, istənilən halda səlahiyyətli kəşfiyyat qurumlarımızın mütləq şəkildə kiberhücum ehtimalını araşdırması məntiqli və doğru olardı. Həm də, düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə “Azərkosmos” 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password