Ərdoğan Ramazan bayramı münasibətilə türk xalqını təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqını müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Bu il Ramazan ayını 6 fevral zəlzələləri nəticəsində çoxlu sayda həmvətənimizin həlak olmasının acısını yaşayaraq hüznlə qarşıladıq. Bir daha sayları 50 mindən çox olan zəlzələ və daşqın qurbanlarına Allahdan rəhmət, qohumlarına və yaxınlarına isə səbr diləyirəm”, – o deyib.
Türkiyə Prezidenti qeyd edib ki, hökumət müqəddəs Ramazan ayında da zəlzələ qurbanlarına dəstəyini davam etdirib: “Nə seçki kampaniyası, nə hökumət tədbirləri, nə də məişət qayğıları bizə fəlakət zonasının ehtiyaclarını unutdurmayacaq”.
Ərdoğanın sözlərinə görə, Ramazan bayramından sonra təbii fəlakət zonalarında təhsil müəssisələri yenidən açılacaq, vətəndaşların geri qaytarılması prosesi də sürətləndiriləcək.
“Təbii fəlakət zonasında ümumilikdə 650 mindən çox ev tikiləcək ki, bunun da 507 mini şəhərlərdə, 143 mini kəndlərdə olacaq. Bunun 319 mini bu il ərzində tikilib istifadəyə veriləcək”, – Türkiyə Prezidenti sözlərinə əlavə edib.