Prezident: “Biz – bu torpaqların sahibləri dədə-baba torpaqlarımıza qayıtmışıq”

“Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha göstərir ki, biz – bu torpaqların sahibləri dədə-baba torpaqlarımıza qayıtmışıq”.

Bunu  Prezident  İlham  Əliyev  aprelin  18-də  Salyan  rayonunda  Azərbaycan  Televiziyasına  müsahibəsində  deyib.

“Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir”, – Prezident söyləyib.

Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan dövlət başçısı bildirib:

“Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir”.

Artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev bildirib:

“Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük – abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password