“İrəvan danışıqların dalan dirənməsinə çalışır…” – “Sərhəddə keçid məntəqəsinin quraşdırılması qaçılmazdır”
“Azərbaycan və Ermənistan arasında danışıqlar mövsümü yenidən sürət qazanır. Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyini elan edib. ABŞ Dövlət Departamenti bütün imkanları ilə normallaşma prosesi ilə məşğuldur. Vaxtı ilə ABŞ-ın Azərbaycandakı səfirliyində işləmiş Derek Hoqan, eyni zamanda Erika Olson və Lui Bono tərəflərlə intensiv müzakirələr keçirirlər“.
Politoloq Fərhad Məmmədov Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı hazırki prosesləri dəyərləndirəkən deyib.
“Görünür, ən azı Vaşinqtonda və ya müttəfiq ölkələrin birində görüş təşkil etmək üçün ciddi iş gedir. Dövlət Departamenti görüşün məzmunlu keçməsinə çalışır” – deyə, o, əlavə edib.
Təhliçi qeyd edir ki, son üç həftə ərzində Ermənistan-Azərbaycan müstəvisində ənənəvi mövzularla yanaşı, yaxınlaşma üçün zəmin yaratmaqdan daha çox gərginlik yaradan yeni problemlər meydana çıxıb: “Azərbaycan üçün danışıqların məzmunu vacibdir. Azərbaycan diplomatiyasının əsas nailiyyəti ondan ibarətdir ki, hər iki danışıqlar platformasında eyni gündəm müzakirə olunur:
– Sülh müqaviləsi prioritetdir;
– Sülh müqaviləsi Azərbaycanın təklif etdiyi beş prinsipə əsaslanır;
– Kommunikasiyaların açılması mövzusu siyahıda ikincidir;
– Sərhəd mövzusu qoşunların çıxarılmasını nəzərdə tutmur, lakin sərhədin dəqiqləşdirilməsi üçün əsaslar müəyyən edilməlidir;
– Ermənistan tərəfinin cəhdlərinə baxmayaraq, Qarabağ mövzusu dövlətlərarası gündəmdə deyil və bunu rəsmi İrəvan da etiraf edir”.
F.Məmmədov vurğulayır ki, danışıqların məzmunu eynidir, lakin müəyyən mövzularda vasitəçilərin maraqları prioritetdir.
Onun sözlərinə görə, ABŞ üçün sülh müqaviləsi faktının özü, Rusiya üçün onun iştirakı ilə kommunikasiyaların açılması və Ermənistan ərazisində yeni əlavə funksiyasının olması vacibdir.
“Lakin Ermənistan Qarabağın ermənidilli əhalisi mövzusunu Azərbaycanla münasibətlərdə müəyyən mənada ilkin şərtə çevirir. Əgər bu, yeganə ilkin şərtdirsə və Azərbaycan tərəfindən qəbul edilmirsə, o zaman İrəvan Qarabağın ermənidilli əhalisinin taleyində Ermənistanın həmin minimal subyektivliyindən tamamilə məhrum olmalıdır. Artıq beynəlxalq ictimaiyyət buna hazırdır. Görünən odur ki, danışıqların pozulması və prosesin uğursuzluğa düçar olması Azərbaycanın bu istiqamətdə ciddi fəaliyyətinə şərait yaradacaq” –deyə, təhlilçi vurğulayıb.
F.Məmmədov əlavə edir ki, ABŞ və Rusiya müxtəlif səbəblərdən şərti sərhəddə nəzarət – keçid məntəqəsinin yaradılmasına qarşı həmrəylik nümayiş etdirirlər.
“Lakin Azərbaycanın prinsipial xarakteri və danışıqlar prosesinin alqoritmi şərti sərhəddə keçid məntəqəsinin quraşdırılmasını qaçılmaz edir. Danışıqlar prosesinin gedişi üçün şərtləri dəyişmək lazımdır. Ermənistan rəhbərliyi danışıqların dalana dirənməsi üçün əlindən gələni edir” – deyə, təhlilçi vurğulayıb. /azpolitika.info