Azərbaycan Prezidenti: “Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər”
“Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər”.
Bunu aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı hesab edir ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir: “Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir?”.
“Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil. Onu da demək istəyirəm ki, əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”, – dövlət başçısı bildirib.