Təxribatlardan sonra erməni sakinlərlə görüşlər davam edəcək?
Ötən həftə ərzində Ermənistanın Azərbaycana qarşı təxribatları, ermənilərin barbar əməlləri təkcə regionda deyil, dünya mediasında da gündəm olan məsələyə çevrildi. Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində 3 hərbi qulluqçumuz şəhid oldu. Bu hadisədən bir gün sonra dumanlı hava şəraiti səbəbindən yolu azan2 hərbçimizə Ermənistanda işgəncə verilməsini əks etdirən görüntülər yayıldı. Hərbçilərimizin Ermənistanda saxlanılması, qəddar rəftarla üzləşməsi haqqında müzakirələr səngimədən rəsmi İrəvan Azərbaycana qarşı növbəti təxribata şərait yaratdı. Aprelin 14-də Ermənistanın paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkətlərlə Azərbaycan Bayrağı yandırılıb. Hadisədən sonra milli yığmamız yarışlardan imtina edərək, Vətənə qayıdıb.
Bütün bu hadisələrin Qarabağın erməni sakinləri ilə danışıqlara təsir edəcəyi haqqında iddialar səsləndirilib. Ermənilərin nəinki Azərbaycan qanunları altında yaşamaq istəmədiyi, hətta regionda sabitliyə kölgə salmaq üçün təxribatlara davam edəcəyi haqqında fikirlər qeyd edilib.
Bəs maraqlıdır, son olaylardan sonra da erməni sakinlərlə danışıqlar davam edəcəkmi?
Bununla bağlı danışan politoloq Tofiq Abbasov vurğulayıb ki, erməni sakinlərlə danışıqlar Azərbaycanın daxili işidir:
“Biz bununla bağlı heç kiminlə məsləhətləşməli deyilik. Nə Ermənistan, nə də başqa hansısa dövlət məsələyə müdaxilə edə bilməz. Ermənilər ya qanunlarımıza tabe olub, burada yaşamalıdırlar, ya da çıxıb getməlidirlər. Onlar şüvən salırlar ki, guya Azərbaycan erməniləri qovmaq istəyir. Elə deyil. Qovulmaq istəmirlərsə, terrorla, qanun pozuntusu ilə, təxribatla, qanunsuz silah-sursat daşımaqla, mina basdırmaqla məşğul olmasınlar. Azərbaycanda normal yaşamaq istəyən ermənilərə şərait yaradılacaq. Ermənilər iddia edirlər ki, danışıqları neytral ərazidə davam etdirmək lazımdır. Bu əsassız təklifdir. Neytral qüvvələrin, neytral ərazilərin bu məsələyə heç bir dəxli yoxdur. Ermənilərin təkəbbürü heç nəyi həll etməyəcək. Ərazisində söz sahibi olan Azərbaycan dövlətdir. Burada onlarla xalqın nümayəndəsi yaşayır. Həmin vətəndaşlar üçün hər bir şərait yaradılıb, onların təminatı həyata keçirilib. Ermənilər də bu təminatdan yararlanmaq istəyirlərsə, həmin xalqların nümayəndələri kimi Azərbaycanın qanunlarına tabe olmalı, separatçılıqdan əl çəkməlidirlər. Onlar hələlik Rusiya sülhməramlılarına arxalanırlar. Nəzərə almalıdırlar ki, 2025-ci ildə onların da bölgədəki səlahiyyət müddəti bitir, Ermənistan dövlətinin heç bir hüququ yoxdur və yeganə söz sahibi Azərbaycandır. Qarabağın erməni sakinləri Azərbaycan ərazisində məskunlaşdıqlarını unutmamalı, ona uyğun addım atmalıdırlar”.