Azərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh gündəliyi müzakirə mövzusu olub.
C.Bayramov Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətini qeyd edib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmadığını, Azərbaycanın erməni sakinlərinin reinteqrasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.
Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.