Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq müzakirəsi

 

Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 17-də Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşü olub.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolunu vurğulayan baş katib Can Min son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakını təqdir edib. ŞƏT-in ötən ilin sentyabrında Səmərqənddə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını xüsusi vurğulayan Can Min təşkilat ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan danışıb. Baş katib ŞƏT-in tədbirlərində Heydər Əliyev Fondunun yaxından iştirakının Azərbaycan-ŞƏT əməkdaşlığını möhkəmləndirdiyini deyib, Azərbaycanın təşəbbüsü ilə ŞƏT-in katibliyində keçirilmiş bir sıra mühüm tədbirlər sayəsində Azərbaycanın mədəni-humanitar potensialı nümayiş etdirildiyini bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verdiyini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərindən danışıb. A.Ələkbərov bildirib ki, Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu təşkilatlın katibliyi ilə sıx əməkdaşlıq edərək, bir neçə tədbir, o cümlədən 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirib. O, Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şairin büstünün Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daim nümayiş olunmasının Azərbaycan üçün böyük rəmzi xarakter daşıdığını deyib.

A.Ələkbərov bildirib ki, Səmərqənd Sammitində Prezident İlham Əliyevin fəxri qonaq statusunda iştirakı Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. O, Azərbaycanın təşkilat yanında statusunun dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib.

Görüşdə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu vurğulanıb və il ərzində Azərbaycanda, eləcə də xaricdə Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyi diqqətə çatdırıb.

Azərbaycanın təşkilatın müşahidəçi statusunu almaq üçün müraciətinin hazırda üzv dövlətlər tərəfindən baxıldığını bildirən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min müraciətin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib. O, təmsil etdiyi təşkilatın tarixi və fəaliyyəti haqqında məlumat verib.

Söhbət zamanı Azərbaycan ilə ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password